Yuxarı

Vassilis Maraqos: "Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarda heç bir maneə yoxdur"

​Maraqos: "Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə dan
© Report / Elchin Murad

"Düşünürəm ki, çox işlər görmüşük. Danışıqlar çox yaxşı səviyyəyə qədər irəliləyib".

Bunu "Report"a Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar prosesini şərh edərkən deyib.

O qeyd edib ki, indi diqqəti danışıqların davam etdirilməsinə və spesifik məsələlərə ayırmaq lazımdır: "Yeni saziş üzrə danışıqlarda hansısa maneə olduğunu söyləməzdim. Əvvəla, danışıqların özü var. Çox şey əldə etmişik, hər iki tərəfin razılaşdırdığı yaxşı mətn hazırlamışıq və yalnız hazırda danışıqların davam etdiyi 3-4 bəndi müzakirə etməyimiz qalıb. Ancaq son addımı atmağa çox yaxınıq".

V.Maraqos tərəflərin bu sazişi tərəfdaşlıq kimi qəbul etmələrinin vacib olduğunu vurğulayıb: "Belə iddialı sazişdən söhbət gedən zaman hər iki tərəfin maraqlarını nəzərə almaq çox vacibdir. Bu saziş ortamüddətli əməkdaşlığın həyata keçirilməsi üçün çərçivə hazırlamağımıza kömək edəcək. Bu, bir neçə illik bağlanan saziş deyil. Bu, bizim üçün ümumi maraq kəsb edən iqlim, rəqəmsal texnologiya, iqtisadi inteqrasiya, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi kimi məsələlərdə bizi yaxınlaşdıracaq sazişdir".

Avropalı diplomatın fikrincə, ticarət məsələlərində bir çox sual var və tərəflər istənilən nəticəni əldə edə bilməyib: "Ancaq hər iki tərəfin maraqlarının nəzərə alınması üçün əlavə səylər göstərməliyik. Əlbəttə, Azərbaycanın istəklərinə hörmətlə yanaşırıq, amma eyni zamanda Avropa biznesinin maraqlarının da lazımi dərəcədə nəzərə alınacağına əmin olmalıyıq. Bu məsələdə çox nikbinəm. Buna görə hesab edirəm ki, hamımız səy göstərsək, istədiyimizi əldə edə biləcəyik".

V.Maraqos eyni zamanda Azərbaycanın dünya ticarətinə inteqrasiyasının vacibliyini də qeyd edib: "Bu baxımdan ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olması məsələsi vacib amildir. Bu, (yeni saziş üzrə) irəliləyiş nöqteyi-nəzərindən vacib olacaq. Bu, Azərbaycanda biznesin inkişafı üçün sabit zəmin yaratmağa kömək edəcək. Təbii ki, ÜTT ilə bağlı ortaya çıxan bütün məsələlərdə Azərbaycana kömək etməyə hazırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi