Deputat: "Litva Azərbaycanla yeni sahələrdə əlaqələrin qurulmasında maraqlıdır"

Deputat: "Litva Azərbaycanla yeni sahələrdə əlaqələrin qurulmasında maraqlıdır" "Litvanın Azərbaycana qarşı münasibəti dəyişməyib"
Xarici siyasət
7 Yanvar , 2016 10:33
Deputat: Litva Azərbaycanla yeni sahələrdə əlaqələrin qurulmasında maraqlıdır

Bakı. 7 yanvar. REPORT.AZ/ Litva Azərbaycanla bəzi yeni sahələrdə əlaqələrin qurulmasında maraqlıdır. Bunu "Report"a Litva-Azərbaycan dostluq qrupunun rəhbəri, ölkənin hakim partiyasından deputat Yuras Pojela (Juras Pozela) bildirib.

“Sonuncu Riqa sammitindən sonra Baltikyanı ölkələrin Azərbaycana qarşı münasibətində soyuqluğun yarandığı barədə iddialar olsa da, şəxsən Litvanın Azərbaycana qarşı münasibəti dəyişməyib. Əksinə, biz Azərbaycanla bəzi yeni sahələrdə əlaqələrin qurulmasında maraqlıyıq”, - o deyib.

Yuras Pojela qeyd edib ki, Litvanın istər Xarici İşlər Nazirliyi səviyyəsində, istərsə də parlament səviyyəsində Azərbaycana qarşı xoş münasibətləri var: “Bizim hətta Avropa İttifaqı səviyyəsində də prioritetimizin tərkib hissəsi Azərbaycanla münasibətləri heç vaxt pozmamaq təşkil edir. Bunun üçün bizim kifayət qədər əsaslarımız var. Bura enerji təhlükəsizliyindən tutmuş bütün sahələrdə əməkdaşlığın effektivliyi daxildir”.

Y.Pojela onu da deyib ki, hər il Litva parlamentində Xocalı soyqırımı ilə bağlı deputatlar adından imzalı müraciət toplanır və dərin hüznlə qeyd olunur: “Məhz bu hadisənin əsasında bizim mövqeyimiz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı belədir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub və bərpa olunmalıdır. Bu, həm də beynəlxalq hüququn tələbidir. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bu bizim üçün sual deyil, faktdır. Bizim parlamentdə soyqırım ilə bağlı sənədin qəbul olunması praktikası olmasa da, biz Xocalını soyqırım kimi qəbul edirik”.

Deputat azərbaycanlıların Litvada fəallığını da diqqətə çatdırıb: “Azərbaycanlılar burada hər sahədə fəaldırlar. Azərbaycan cəmiyyəti, xüsusilə səfirliyin fəaliyyəti təqdirə layiqdir. Bütün bunlar bizim iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir”.

Son xəbərlər

Orphus sistemi