Küveytdə Respublika günü və diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib

Küveytdə Respublika günü və diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib Azərbaycanın Küveyt Dövlətindəki Səfirliyi tərəfindən 28 may – Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə təntənəli rəsmi qəbul keçirilib.
Xarici siyasət
2 May , 2019 14:58
Küveytdə Respublika günü və diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycanın Küveyt Dövlətindəki Səfirliyi tərəfindən 28 may – Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə təntənəli rəsmi qəbul keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, rəsmi qəbulda əsas qonaq qismində Küveyt Dövlətinin İqtisadi məsələlər üzrə Dövlət naziri xanım Məryam əl-Aqil, həmçinin Küveytin dövlət və hökumət nümayəndələri, hakim ailənin nüfuzlu üzvləri, Küveyt parlamentinin deputatları, Küveyt Xarici İşlər Nazirliyinin əməkdaşları, ölkənin tanınmış və nüfuzlu ictimai-siyasi xadimləri, burada akkreditə olunmuş diplomatik və beynəlxalq nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin, Türk icmasının üzvləri və aparıcı kütləvi-informasiya vasitələrinin, dövlət və özəl televiziya kanallarının nümayəndələri iştirak ediblər.

Tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra, səfir Elxan Qəhrəman çıxış edərək, 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində yaradılmış ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən söhbət açmış, AXC-nin yaradılmasının Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olduğunu, həmin tarixin hər il Respublika günü kimi təntənə ilə qeyd olunduğunu, Azərbaycan tarixində ilk parlament respublikası olan Xalq Cümhuriyyətinin, həm də bütün Şərqdə, о cümlədən türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu, AXC-nin müəyyən səbəblərdən çox uzun yaşamadığına baxmayaraq, Azərbaycan xalqının müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğunu sübüt etdirdiyini diqqətə çatdırıb.

Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik əldə etməsindən sonra əldə edilmiş uğurları, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyev şəxsiyyətinin misilsiz xidmətləri və onun yaratdığı məktəbin etibarlı davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında geniş məlumat verib.

Həmçinin, son illərdə ölkəmizdə keçirilən beynəlxalq konfranslar, idman yarışları, Azərbaycanda gedən siyasi, iqtisadi, mədəni, turizm sahələrindəki sürətli inkişaf barədə, habelə ölkəmizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin hələ də yerinə yetirilmədyini qeyd edərək, Küveytin münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb. 

Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Parlamentinin erməni təcavüzünü qınayaraq erməni qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərdən dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul etdiyini də bildirib.

Daha sonra Səfir, cari ildə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd edildiyini, 1919-cu ildə Azərbaycan diplomatiyasının ilk addımlar atdıqdan sonra ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukrayna da daxil olmaqla 16 ölkənin diplomatik nümayəndəliyinin Bakıda fəaliyyət göstərdiyini, 1919-cu ilin iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyi əsas tutulub. 2007-ci il avqust ayının 24-də  Prezident İlham Əliyevin 9 iyul tarixinin Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi barədə sərəncam imzaladığını, Azərbaycanın xarici siyasət sahəsində böyük uğurlar əldə etdiyini, ölkəmizin xarici siyasətinin regionda və dünyada mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq ruhuna malik olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bundan başqa Səfir, cari ildə Azərbaycan ilə Küveyt arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirərək, 25 il bundan əvvəl 1994-cü il oktyabr ayının 10-da iki ölkə arasında diplomatik əlaqələrin qurulması haqqında protokolun imzalandığını diqqətə çatdırıb. 

Daha sonra Səfir E.Qəhrəman və Küveyt Dövlətinin İqtisadi məsələlər üzrə Dövlət naziri xanım Məryam əl-Aqil xüsusi olaraq hazırlanmış və üzərində “Azərbaycan Respublikasının Milli Günü və Diplomatik xidmət orqanlarının 100 illik yubileyi” yazılmış tortu kəsiblər

Tədbirin keçirildiyi zalda AXC-nin tarixi, dövlət quruculuğu, dövlət rəmzləri, həmçinin foto və videomateriallar, eləcə də Azərbaycanın mədəniyyəti, turizm imkanlarını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini və s. sahələri özündə əks etdirən kitab, buklet, broşür, habelə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yübileyinə həsr olunmuş loqo, Azərbaycanın yeni milli turizm brendinin turizm loqosu olan “A” hərfi və “Take another look” şüarı əks olunmuş “Azərbaycanın interaktiv turizm xəritəsi 2018”, habelə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, səfalı turizm güşələri barədə ərəb və ingilis dillərində videoçarxlar nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi