İsveç Solçu Partiyasının lideri Azərbaycan reallıqları barədə məlumatlandırılıb

İsveç Solçu Partiyasının lideri Azərbaycan reallıqları barədə məlumatlandırılıb Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov bu ölkədə fəaliyyət göstərən Solçu Partiyanın lideri Hans Linde ilə görüşüb
Xarici siyasət
27 Yanvar , 2015 23:25
İsveç Solçu Partiyasının lideri Azərbaycan reallıqları barədə məlumatlandırılıb

BAKI. 27 yanvar. REPORT.AZ/ İsveçdə fəaliyyət göstərən Solçu Partiyanın lideri Azərbaycan reallıqları barədə məlumatlandırılıb.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov bu ölkədə fəaliyyət göstərən Solçu Partiyanın lideri Hans Linde ilə görüşüb.

Hans Linde rəhbərlik etdiyi partiya haqqında məlumat verib. Qeyd edib ki, o, 2006-ci ildə İsveç parlamentinə üzv seçilib və hazırda xarici siyasət komitəsinin üzvüdür.

Ölkəmiz barədə müəyyən qədər məlumatı olduğunu söyləyən H.Linde İsveç ilə Azərbaycan arasında ticarət əlaqələrinin 100 il bundan əvvələ gedib çıxdığını xatırladıb.

Azərbaycanın tarixi haqqında söhbət açan Adış Məmmədov sürətlə inkişaf edən ölkəmizin Cənubi Qafqazın lideri olduğunu deyib. O, əlaqələrimizin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Diplomat Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynadığını diqqətə çatdırıb.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra atılan addımların Avropaya inteqrasiyaya yönəldiyini, idarəetmənin bütün sahələrində Avropa standartlarının əsas götürüldüyünü qeyd edən səfir ölkəmizdə hökm sürən tolerantlıqdan da söz açıb.

Diplomat, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. XX əsrin sonunda beynəlxalq hüququn hakim olduğu vaxtda bir dövlətin başqa dövlətin ərazisini işğal etməsinin heç bir norma və prinsipə sığmadığını vurğulayıb. Münaqişə ilə bağlı BMT, ATƏT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq və regional təşkilatlarda müzakirələrin aparıldığını, qətnamə və qərarların qəbul edildiyini diqqətə çatdırıb. Ermənilərin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımının bir çox ölkələrin parlamentləri, habelə ABŞ-ın 15-dən çox ştatı tərəfindən tanınması ilə bağlı qərar və qətnamələrin qəbul olunduğunu bildirib.

Səfir Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu, lakin Ermənistanın bu məsələdə qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini vurğulayıb. O, Ermənistanın işğalçılıq siyasətinə Avropa dövlətləri, xüsusilə də İsveç tərəfindən lazımi reaksiyanın verilmədiyini qeyd edib. Solçu Partiyanın Avropanın təməl prinsiplərinə söykənərək Ermənistanın işğalçılıq siyasətini pisləyəcəyinə və təcavüz məsələsini İsveçin siyasi gündəliyinə gətirəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə regionda və dünyada cərəyan edən müxtəlif proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi