Yuxarı

İstanbulda "Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda konfrans keçirilib

İstanbulda "Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda konfrans keçirilib

Türkiyənin İstanbul şəhərindəki Marmara Universitetində "Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda konfrans keçirilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Marmara Universitetinin rektoru, professor Erol Özvar, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, türkiyəli tarixçi, professor Okan Yeşilot və başqaları iştirak ediblər.

E.Özvar Azərbaycanın xarici siyasətinin dünyada sülhün bərqərar olmasına xidmət edən qanunlar üzərində qurulduğunu bildirib: "Son illərdə Azərbaycanla Türkiyə arasında tələbə mübadiləsi ilə bağlı xeyli artım var. Tələbələr getdikləri ölkələrdə doğulduqları ölkələrin səfirləridir. Onlar xalqların və millətlərin bir-biri ilə qaynayıb qarışmasına xidmət edirlər. Fikrimcə, son illərdə Azərbaycan və Türkiyə əlaqələrinin bu qədər möhkəmlənməsində hər iki ölkə arasında olan tələbə axınının olması birbaşa təsir göstərib. Hazırda universitetimizdə təhsil üçün gələn azərbaycanlı tələbələrin sayı ildən-ilə artmaqdadır. Onlar bu gün dünyanın ən çox ehtiyac duyduğu ixtisasları seçirlər və bu bizi sevindirir. Bununla yanaşı, azərbaycanlı müəllimlər də burada dərs deyir. Onlar hər iki qardaş ölkənin təhsilinin inkişafı üçün əzimlə işləyirlər”. 

X.İbrahim Azərbaycanın xarici siyasətini müəyyən edən əsas amillərdən söhbət açıb, ölkəmizin çoxmillətli, tolerant və multikultural ölkə olmasını diqqətə çatdırıb: "Bu, Azərbaycanı bir çox digər ölkələrdən fərqləndirən xüsusiyyətlərdəndir. Azərbaycan hər zaman dünyəvi dövlət olub, əsirlər boyu müxtəlif xalqların nümayəndələri burada rahat şəkildə yaşayıb. Eyni zamanda, təbii sərvətlərin zənginliyi səbəbindən ölkəmiz hər zaman böyük dövlətlərin maraq dairəsində olub. Bu da Azərbaycanın xarici siyasətinə öz müsbət təsirini göstərib". Digər əsas daxili faktorlardan birinin insan potensialı olduğunu deyən səfir qeyd edib ki, Azərbaycanda tarix boyu təhsilə yüksək önəm verilib. Azərbaycan müsəlman Şərqində yaradılmış ilk demokratik respublikadır. Həmin mürəkkəb dövrdə bu çətin işin öhdəsindən dövlətinin başında duran insanların yüksək təhsilli olmaları sayəsində gəlmək mümkün olub.

X.İbrahim ümumilikdə götürüldükdə xarici siyasətə təsir göstərən ən mühüm amillərdən birinin coğrafi mövqe olduğunu vurğulayaq deyib: "Coğrafi baxımdan Azərbaycan tarix boyu digər dövlətlərin diqqətini çəkib. Tarix boyu Azərbaycanın ətrafında böyük imperatorluqlar, savaşlar olub. Coğrafiya və tarixi bir araya gətirdikdə isə burada erməni faktoru ortaya çıxır. Bildiyiniz kimi, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini uzun illərdir işğal altında saxlayır. Bu səbəbdən Azərbaycan öz təbii qaynaqlarının bir hissəsindən istifadə edə bilməyib. Hazırda bizim üçün ən əsası ölkəmizin torpaq bütünlüyünün bərpasıdır".

Bu gün Azərbaycanın siyasi-iqtisadi, hərbi baxımdan çox güclü ölkə olduğunu deyən səfir qeyd edib ki, qonşu dövlətlərlə xoşməramlı münasibətlər xarici siyasətin əsasını təşkil edir. X.İbrahim Türkiyə ilə münasibətləri buna misal çəkib: “Azərbaycanla Türkiyə arasında tarixə dayanan qardaşlıq əlaqələri var. Bu gün Azərbaycanla Türkiyə arasında heç bir mövzuda fikir ayrılığı yoxdur və hər iki ölkə başçısı eyni siyasəti dəstəkləyir. Bu da dünya üçün nümunəvi münasibətdir. Səfir, həmçinin Azərbaycanla Rusiya və Gürcüstan arasındakı sıx dostluq, əməkdaşlıq əlaqələrini də diqqətə çatdırıb.

Konfrans işini mövzu ətrafında sualların cavablandırılması ilə davam etdirib.

Vüsalə Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi