İspaniyanın müvəqqəti işlər vəkili: "Erməni təbliğatı Kataloniyadakı vəziyyəti separatçı millətin mübarizəsinə bənzətməyə çalışır" - MÜSAHİBƏ

İspaniyanın müvəqqəti işlər vəkili: "Erməni təbliğatı Kataloniyadakı vəziyyəti separatçı millətin mübarizəsinə bənzətməyə çalışır" - MÜSAHİBƏ İqnasio Sançes Taboado: "Kataloniya ətrafındakı vəziyyət xarici müdaxilə ilə bağlıdır"
Xarici siyasət
28 Noyabr , 2017 12:24
İspaniyanın müvəqqəti işlər vəkili: Erməni təbliğatı Kataloniyadakı vəziyyəti separatçı millətin mübarizəsinə bənzətməyə çalışır - MÜSAHİBƏ
Report/ Elshan Baba

Bakı. 28 noyabr. REPORT.AZ/ İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançes Taboadonun "Report"a müsahibəsi:

- İspaniya ilə Azərbaycan arasındakı əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz? Ölkələr 25 illik əməkdaşlıq müddətdində yaxınlaşmaq baxımından nə əldə ediblər?

- İlk növbədə, qeyd edim ki, ölkələrimiz arasında yaxşı münasibətlər qurulub. Azərbaycanla siyasi münasibətlərimiz problemsiz inkişaf edir. Bu, çox vacibdir, çünki diplomatiyada heç bir problemin olmadığı ölkə ilə əlaqələr qurmaq rahatdır. Ölkələrimiz bir-birindən elə də uzaqda yerləşmir, ancaq məsələn, vətəndaş cəmiyyəti və biznes sahəsində daha geniş əlaqələr çatışmır. Siyasi münasibətlər yaxşı səviyyədədir, lakin insanlar, assosiasiyalar, şirkətlər arasındakı əlaqələr çox nadir və təsadüfidir. Məhz bu cəhətləri təşviq etmək istəyirik, başqa sözlə, ölkələrimiz arasında daha çox mədəni və iqtisadi əlaqələr olmasını istəyirik.

İspaniya ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli müqavilələr də daxil olmaqla, əla beynəlxalq sazişlər şəbəkəsi mövcuddur. Hazırda iki yeni sazişə hazırlığın yekun mərhələsindəyik. Bunlar işgüzar əlaqələrin qurulması baxımından vacib olan ikitərəfli vergitutmanın aradan qaldırılması və müdafiə sahəsində əməkdaşlıq barədə sazişlərdir.

Son illərdə bir sıra yüksək səviyyəli səfərlər həyata keçirilib. Məsələn, İspaniyanın xarici işlər naziri 2014 və 2016-cı illərdə Azərbaycana səfər edib, 2012-ci ildə Azərbaycanın xarici işlər naziri, ötən il isə müdafiə naziri Madriddə səfərdə olub. Qeyd etmək istəyirəm ki, siyasi çərçivədə yaxşı inkişaf etmiş münasibətlərimiz var, amma yenə təkrar etmək istəyirəm ki, vətəndaş cəmiyyəti səviyyəsində münasibətlər qurmalıyıq.

- İqtisadi əməkdaşlığın səviyyəsi necədir? İspaniya Azərbaycandan hansı məhsulları idxal edir və nə ixrac olunur? Ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsi necədir, irəliləyiş varmı?

- İqtisadi əlaqələr çox azdır. Ölkələrimiz arasında iqtisadi əlaqələrin pik nöqtədə olduğu 2014-cü ildə İspaniya Azərbaycandan, təqribən, 700 milyon avro dəyərində məhsul idxal etmişdi, bunun da böyük hissəsi neftin payına düşürdü. İspaniyadan Azərbaycana ixracın həcmi isə 80 milyon avro olmuşdu. Əsas ixrac məhsullarına toxuculuq, tikinti materialları daxil idi. O vaxtdan bəri mal dövriyyəsu əhəmiyyətli dərəcədə azalıb.

2016-cı ildə Azərbaycan İspaniyaya 400 milyon avro dəyərində mal ixrac edib, İspaniya mallarının Azərbaycana ixracı isə yalnız 35 milyon avro təşkil edib.

- Madrid ilə Bakı arasında enerji sahəsindəki əməkdaşlığı necə qiymətləndirirsiniz? Bu istiqamətdə hansısa birgə layihələr varmı?

- Hazırda enerji sahəsində Azərbaycanla heç bir layihə həyata keçirmirik. Birmənalı olaraq, Azərbaycandan İspaniyaya ixracın əsas hissəsini neft təşkil edir. Amma əsas neft tədarükçüsü Azərbaycan yox, Səudiyyə Ərəbistanı, Nigeriya və digər ölkələrdir.

- İspaniya şirkətləri Azərbaycanda nə dərəcədə fəaldır? Bu gün ölkəmizdə neçə İspaniya şirkəti, İspaniyada isə Azərbaycan şirkəti fəaliyyət göstərir? Qarşılıqlı investisiya və iki ölkənin iş adamları arasında birbaşa əməkdaşlıq haqqında məlumat varmı?

- Daha əvvəl xatırlatdığım idxal-ixrac rəqəmlərinə əlavə olaraq bildirməliyəm ki, çox az sayda İspaniya şirkəti Azərbaycanda daimi ofis açıb.

Birbaşa investisiyalara gəlincə, bu məsələdə statistik məlumatlar bəzən yanıldıcı olur və dəqiq olmur. Son 10 il ərzində qarşılıqlı birbaşa investisiyaların həcmi hər iki tərəfdən bütövlükdə 50 milyon avronu keçməyib. Bu da həm iqtisadi əlaqələrin məhdudluğunu, həm də qarşımızda duran çağırışları göstərir.

- İspaniya dünyada zəngin turizm potensialına malik ölkə kimi tanınır. Bu istiqamətdə İspaniya Azərbaycana hansı təcrübəni təklif edə bilər? Azərbaycan ispan turistlər üçün, İspaniya da azərbaycanlı turistlər üçün nə dərəcədə maraqlıdır?

- Bugünlərdə Azərbaycanın mədəniyyət və turizm naziri və digər rəsmi nümayəndələrlə söhbət etmişəm. Turizm ikitərəfli əməkdaşlığı gücləndirə biləcəyimiz sahələrdən biridir. Bu əməkdaşlıq yalnız informasiya, bilik və təcrübə mübadiləsinə yox, həm də Azərbaycanda turizm sənayesinin təşviqinə və bəlkə də turizm sektorunun inkişafı üçün ispaniyalı investorların cəlb edilməsinə istiqamətlənə bilər. Həm İspaniya, həm də Azərbaycan hökuməti bu sektora sərmayə cəlb etmək üçün bənzər strategiyanı nəzərdən keçirirlər. 

Xatırlatmaq yerinə düşər ki, hər il İspaniyanı, təqribən, 75 milyon turist ziyarət edir və bizdə çox yaxşı inkişaf etmiş turizm sənayesi var. İspaniya, həmçinin Karib hövzəsində və dünyanın bir çox yerlərində turizm sektorunun inkişafına yardım edib. Azərbaycanda turizm sahəsinin gücləndirilməsi üçün bu təcrübədən istifadə edə bilərsiniz.

Turizm sahəsində mütəxəssis deyiləm, amma deyə bilərəm ki, Azərbaycanın turizm sahəsində fövqəladə imkanları var, sadəcə, onların bəziləri kifayət qədər inkişaf etdirilməyib. Yanardağ əsl möcüzədir, amma ora səfər edən turistlər gözəllikdən həzz almaq və məkanın tarixini anlamaq üçün informasiya əldə etməkdə və xidmət göstərilməsində çətinlik çəkirlər. Hesab edirəm ki, İspaniya təcrübəsi Azərbaycanda da turizm sahəsində istifadə oluna bilər. Fikrimcə, yalnız müvafiq mütəxəssislərin hazırlığı və müxtəlif təlimlərin keçirilməsi baxımından yox, həm də yerləşdirmə, müxtəlif günlük paketlərin təqdim edilməsi, turist axınının idarə olunması və s. qaydaları baxımından əməkdaşlıq üçün imkanlar yetərincədir.

- Sizcə, Kataloniyada baş verən proseslər İspaniyanın özünə və bütün Avropa regionuna necə təsir edəcək?

- Məncə, avropalı həmkarlarımın çoxu razılaşar ki, qədim Avropa xalqının bölünməsi hamı üçün böyük itki olacaqdı və bu, Avropa İttifaqının qalan hissəsinə də təsir edəcəkdi. Bunun nə dərəcədə olacağını deyə bilmərik, proqnozlaşdırmaq çətindir. Gələcəyi dəqiqliklə proqnozlaşdırmaq asan deyil. Ancaq asanlıqla müəyyən etmək olar ki, Katalonyanın çıxması mütləq bütün Avropaya təsir edəcək. Çox sayda separatçı hərəkatın olması mütləq deyil, bu, bəzi ölkələrdə radikal hərəkatların yaranması və inkişafı şəklində də ola bilər.

Hesab edirəm ki, Kataloniyanın statusu barədə təbliğat xaricdən gəlib. İlk növbədə, belə təbliğat kanallarını və mənbələrini müəyyənləşdirməliyik. Bu təbliğat həm sağçılara, həm də solçulara yönəlib, bu, millətimizin və demokratik institutlarımızın gücünün zəiflədilməsinə istiqamətlənib.

- Kataloniya böhranının basklar kontekstində yalnız İspaniya yox, bütün Avropa üçün nümunə ola biləcəyi mümkündürmü?

- Hələlik bu ana qədər bunun üçün heç bir səbəbimiz yoxdur. Əksinə, Bask Millətçi Partiyası digər yerli partiyalarla müqayisədə özünü fərqli aparıb. Ultrasolçu bask partiyaları ekstremist yönümlü katalonları dəstəkləyirdilər, ancaq ənənəvi Bask Millətçi Partiyası sakit davrandı, bu məsələdə səssiz qaldı.

- Həm Azərbaycan, həm də İspaniya separatçılıq problemi ilə üzləşib. Sizcə, belə separatçı olayların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

- Dəfələrlə Dağlıq Qarabağ münaqişəsi ilə Kataloniya ətrafındakı vəziyyət arasında paralellər aparıldığını eşitmişəm. Açığı, məncə, bütün bunlar erməni təbliğatıdır. Çünki erməni təbliğatı Kataloniya ətrafındakı vəziyyətin separatçı millətin mübarizəsinə bənzətməsinə çalışır. Əslində isə bunlar tamamilə fərqli vəziyyətlərdir.

Millətçilik, separatizm, parçalama cəhdləri bu gün dünyanın bir çox yerlərində görünür. Şotlandiya, Belçika, İspaniya, İtaliya, Fransa və Avropanın digər yerlərində baş verən bu cür hərəkatlərla və bəzi dünya nəgənglərinin əlaqələrini təhlil etmək lazımdır. Bu təhlillərdə diqqətli olmalı və reallıqda kimin kimə yardım etdiyini anlamaq lazımdır. Ancaq əlavə etmək istəyirəm ki, bu hərəkatlər çox spesifikdirlər. Məsələn, İspaniyada radikal separatçılıq hərəkatı Rusiyayönümlü hərəkatların öz rolunu oynadığı Ukraynadakı hərəkatdan fərqlənir.

Hər vəziyyətə ayrı-ayrılıqda yanaşmaq, onu təhlil etmək və mövcud vəziyyəti başa düşmək lazımdır.

- Aİ-nin üzvü kimi, İspaniya Dağlıq Qarabağ münaqişəsinin həllinə necə töhfə verə bilər? Bu münaqişənin həlli perspektivlərini necə görürsünüz?

- İspaniya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. 2009-cu ildə İspaniyanın Madrid şəhərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı konfrans keçirilib. Sözügedən görüşdə "Madrid prinsipləri" qəbul edilib. İspaniya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Biz separatizm təzahürlərini dəstəkləmirik.

Son xəbərlər

Orphus sistemi