İranın Şərqi Azərbaycan əyalətinin valisi: "Hər il bir milyona yaxın Azərbaycan vətəndaşı Təbrizə gəlir"

İranın Şərqi Azərbaycan əyalətinin valisi: "Hər il bir milyona yaxın Azərbaycan vətəndaşı Təbrizə gəlir" Azərbaycandakı görüşlər zamanı viza rejiminin sadələşdirilməsi məsələsi də müzakirə edilib
Xarici siyasət
23 Oktyabr , 2015 14:31
İranın Şərqi Azərbaycan əyalətinin valisi: Hər il bir milyona yaxın Azərbaycan vətəndaşı Təbrizə gəlir

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Son iki ildə bizim prezidentlər dörd dəfə görüşüb. İkitərəfli əlaqələrin inkişafı üçün İranla Azərbaycan arasında iradə var".

Bunu İran-Azərbaycan münasibətlərini "Report"a şərh edən İranın Şərqi Azərbaycan əyalətinin valisi İsmayıl Cabbarzadə deyib.

O, Azərbaycanda Xarici İşlər Nazirliyinin dəvəti əsasında təşkil edilən səfər çərçivəsində müxtəlif sferalarda əlaqələrin inkişaf perspektivlərinin müzakirə olunduğu bir sıra görüşlər keçirdiyini xatırladıb.

"Əlbəttə, bizim məqsədimiz və borcumuz bu yöndə addımlar atmaqdır. İqtisadiyyat və Sənaye Nazirliyi, Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyində keçirdiyimiz görüşlərdə biz Şərqi Azərbaycan əyaləti vasitəsilə əlaqələri gücləndirmək niyyətində olduğumuzu təsdiq etdik. Naxçıvan və Gəncədəki görüşlərdə biz müəllimlərimizin, tələbələrimizin, alimlərimizin görüşlər, konfranslar keçirməsi, elmi jurnallar nəşr etməsi məqsədilə universitetlər üçün imkanlarımızı genişləndirməyə qərar verdik", - İran əyalətinin valisi deyib. O, həmçinin iki ölkənin həkimləri arasında da görüşlər təşkil etməyin mümkünlüyünü vurğulayıb.

Gəncəyə səfər zamanı Təbriz küçəsinin açıldığını xatırladan İ.Cabbarzadə planlaşdırılan işlərdən də danışıb: "Gəncədə "Təbriz həftəsi", Təbrizdə isə "Gəncə həftəsi" keçirmək planlaşdırılır. Eyni tip sərgiləri Bakıda da təşkil etmək olar".

İran və Azərbaycan şəhərləri arasında qardaşlaşma imkanlarından danışan İ.Cabbarzadə yeni əlaqələrin qurulmasına hazır olduqlarını bildirib: "İran və Azərbaycan iki qardaş dövlətdir. Gəncə kimi Azərbaycanın şəhərləri ilə də qardaşlıq əlaqələri yaratmaq yaxşı olardı. Eyni zamanda, belə əlaqələrin Təbrizdən başqa, digər İran şəhərləri ilə də yaradılması mümkündür".

İ.Cabbarzadə, həmçinin turizm imkanlarını qeyd edib: "Hər il bir milyona yaxın azərbaycanlı Təbrizə gəlir. Onların əsas tələbatı tibbi turizmlə bağlıdır. Amma insanların fəal şəkildə görüşüb, bir-birinə qonaq getməsi üçün daha çox imkan yaratmaq lazımdır".

Vali əlavə edib ki, Azərbaycandakı görüşlər zamanı viza rejiminin sadələşdirilməsi məsələsi də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi