​İlham Əliyev UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak edib

​İlham Əliyev UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak edib Azərbaycanın dövlət başçısı Forumda çıxış edib
Xarici siyasət
17 Noyabr , 2015 23:30
​İlham Əliyev UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak ediblər.

İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün təşkilatın mənzil-qərargahına gəlib. Əvvəlcə prezident UNESCO-nun qonaq kitabına ürək sözlərini yazıb. Daha sonra Azərbaycan prezidenti və birinci xanımının UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura ilə qısa söhbətləri olub.

UNESCO Baş Konfransının 38-ci sessiyasının sədri, Namibiyanın informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Stanley Mutumba Simataa tədbiri açaraq Forumun gündəliyi barədə məlumat verib.

Malta prezidenti xanım Mari-Luiz Koleyro Forumda çıxış edərək UNESCO-nun yarandığı 70 il ərzində dünyanın xeyli dəyişdiyini bildirib. O qeyd edib ki, bu Forum UNESCO-nun gələcəyini müəyyənləşdirmək üçün yaxşı tədbirdir. Malta prezidenti deyib ki, inkişaf real mədəni mühitlə bağlıdır. O, mədəni müxtəliflik, təhsil, yoxsulluq, savadsızlıq, gender bərabərliyi məsələlərinə toxundu, qlobal problemlərin həllində UNESCO-nun rolunu və birgə fəaliyyətin əhəmiyyətini qeyd edib.

Sonra Slovakiya baş nazirinin müavini, xarici işlər naziri Miroslav Layçak çıxış edib. O, Parisdə baş vermiş terror aktlarını pisləyərək terrorçuların bütün bəşəriyyətin düşməni olduğunu vurğulayıb, terrorla birgə mübarizənin önəmini diqqətə çatdırıb. Baş nazirin müavini vurğulayıb ki, UNESCO terrorizm və ekstremizmin yer almadığı dünyanın qurulmasında mühüm əhəmiyyətə malikdir. Miroslav Layçak qlobal problemlərin həllində birgə səylərin göstərilməsinin zəruriliyini vurğulayıb.

Sessiyanın sədri Stanley Mutumba Simataa son illərdə Azərbaycanın əldə etdiyi uğurları qeyd edib. O, prezident İlham Əliyevin Forumda iştirakının yüksək qiymətləndirildiyini söyləyib.

Prezident İlham Əliyev Forumda çıxış edib.

Sonra ABŞ prezidenti Barak Obamanın Foruma ünvanladığı məktub oxunub.

Daha sonra Fransa prezidenti Fransua Olland çıxış edib. O, Parisdə törədilən son terror aktlarından bəhs edib, Fransanın terrorçulara sərt cavab verəcəyini bildirib. Fransa prezidenti terrorizmin bəşəri dəyərlərə böyük təhdid olduğunu qeyd edib.

Prezident Fransua Olland terror hadisələri ilə bağlı bütün dünyada Fransa xalqına göstərilən həmrəylikdən də danışıb. O vurğulayıb ki, Parisdə terror aktlarını törədənlər qatillərdir və onlar heç bir sivilizasiyaya aid deyillər.

Fransa dövlətinin başçısı bəşəri dəyərlərin qorunmasında UNESCO-nun mühüm rol oynadığını bildirib, təşkilatın Əfqanıstanda, Malidə və digər ölkələrdə dağıdılmış abidələri bərpa etdiyini vurğulayıb. Fransa prezidenti UNESCO-nun mədəni dəyərlərin qorunması ilə bağlı çoxlu layihələr həyata keçirdiyini də diqqətə çatdırıb.

Forumdan sonra Azərbaycan prezidenti və xanımı UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüblər.

Görüşdə Azərbaycan ilə UNESCO arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Azərbaycan prezidenti İlham Əliyevin və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirilib. Prezident İlham Əliyevin bu tədbirdə çıxışının önəmi qeyd edilib.

Söhbət zamanı Azərbaycanın UNESCO-nun fəaliyyətində rolu, bu təşkilatın işinə verdiyi töhfə yüksək qiymətləndirilib. Həmçinin Azərbaycanda multikulturalizmin inkişafı, ölkəmizin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb. UNESCO-nun xətti ilə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə əməkdaşlığımızın bundan sonra da genişləndirilməsinə əminlik ifadə olunub və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və xamını Mehriban Əliyeva UNESCO-nun mənzil-qərargahında təşkilatın İcra Şurasının zalı və nümayəndə heyətlərinin salonu ilə tanış olublar. Qeyd edilib ki, bu zalın və salonun yüksək səviyyədə təmir olunması Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilib. Zalda İcra Şurasının tədbirləri ilə yanaşı, xoşməramlı səfirlərin görüşləri, toplantıları da keçirilir.

Dövlət başçısı və xanımı ölkəmizin UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinə baxdılar.

UNESCO-nun mənzil-qərargahının həyətində qoyulan bu heykəllər burada daimi olaraq sərgilənir. Həmin heykəllər XII-XIII əsrlərə aiddir və Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılıb.

İlham Əliyev və Mehriban Əliyeva digər ölkələrin UNESCO-ya təqdim etdiyi abidələrə də baxıblar. Qeyd edilib ki, UNESCO-nun mənzil-qərargahının həyətində və binada sərgilənən bu abidələr tarixi, mədəni əhəmiyyət daşıyır.

Bu il UNESCO-nun Nizamnaməsinin qəbulundan 70 il ötür. Təşkilatın yaradılmasının 70 illiyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu da təşkilatın yaradılmasının 70 illiyinə həsr edilib.

Son xəbərlər

Orphus sistemi