Prezident: "Biz MDB-də üzvlüyə mühüm əhəmiyyət veririk"

Prezident: "Biz MDB-də üzvlüyə mühüm əhəmiyyət veririk" "Bu təşkilat 25 il ərzində çox böyük yol keçib"
Xarici siyasət
16 Sentyabr , 2016 21:20
Prezident: Biz MDB-də üzvlüyə mühüm əhəmiyyət veririk

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Biz MDB-də üzvlüyə mühüm əhəmiyyət veririk və hesab edirəm ki, 25 il ərzində bu təşkilat çox böyük yol keçib".

"Report"un məlumatına görə, bunu Prezident İlham Əliyev sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

"Bu gün bizim təşkilatın möhkəmlənməsinə şərait yaradacaq mühüm məsələlər müzakirəyə çıxarılıb. Biz işimizin optimallaşması ilə əlaqədar təşəbbüsləri dəstəkləyirik ki, ümumi maraq doğuran ən mühüm məsələlər üzərində diqqətimizi cəmləşdirə bilək.

MDB-nin yaradılmasının 25 illiyi ilə əlaqədar bu təşkilatın təsisçilərindən biri kimi, bizim dövlətimizin mövqeyini ifadə etmək istərdim. Biz MDB-də üzvlüyə mühüm əhəmiyyət veririk və hesab edirəm ki, 25 il ərzində bu təşkilat çox böyük yol keçib, zamanın sınağından çıxıb.

Bizim təşkilatımız müəyyən tarixi hadisələr nəticəsində yaradılıb. Mənim fikrimcə, xalqlarımızın və onların rəhbərlərinin müdrikliyi sayəsində 25 ildən sonra bizim həm region, həm də dünya üçün çox böyük əhəmiyyətə malik olan bir təşkilatımız var. Ona görə ki, bizim təşkilatın coğrafiyası yetərincə genişdir. Biz xalqlarımızı, ölkələrimizi narahat edən mühüm məsələləri, həlli tələb olunan çoxsaylı məsələləri dostcasına müzakirə edirik", - deyə dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyev Azərbaycanın humanitar sahədə əməkdaşlığın möhkəmlənməsi işində fəal rolunu qeyd edib: "Biz buna çox böyük əhəmiyyət veririk. Hesab edirəm ki, humanitar sahədə əməkdaşlıq bizim ümumi əməkdaşlığımızın əsasını təşkil edir. Bəlkə də bunsuz qarşılıqlı etimad və anlaşma bugünkü səviyyədə olmazdı. Azərbaycan öz tərəfindən həm bizim təşkilat çərçivəsində, həm də bütövlükdə müxtəlif beynəlxalq tədbirlərlə bağlı təşəbbüslər irəli sürür. Bir neçə gündən sonra Bakıda Azərbaycan və Rusiya prezidentlərinin himayəsi ilə V Beynəlxalq Humanitar Forum keçiriləcək. Bu Forum humanitar əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çox mühüm beynəlxalq məkana çevrilib. Bu məsələlər həmişə, xüsusən indiki vaxtda, bəzən humanitar əməkdaşlıq məsələlərinin müxtəlif ölkələrdə necə interpretasiya edildiyini gördüyümüz bir vaxtda diqqət mərkəzindədir. Biz miqrantlar böhranı adlanan böhranın şahidiyik. Təəssüf ki, xalqlar arasında qarşılıqlı anlaşmanı və humanitar sahədə əməkdaşlığı möhkəmləndirmək əvəzinə, əks istiqamətdə proseslərin baş verdiyini, etnik, dini prinsip və əlamət üzrə ayrı-seçkilik salındığını görürük. Bu, bizi narahat edir. Çünki bizim təşkilat həm də ona görə güclüdür ki, burada müxtəlif mədəniyyətlərə, dinlərə və ənənələrə mənsub xalqlar təmsil olunub. Bizi əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində ümumi səylər birləşdirir.

Həmçinin həmkarlarıma onu da bildirməliyəm ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu gün Azərbaycan artıq dünya miqyasında multikulturalizm mərkəzlərindən biri kimi tanınıb. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib.

Eyni zamanda, onu da qeyd etmək istərdim ki, biz üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda iqtisadi sahədə əməkdaşlığa böyük əhəmiyyət veririk. Dünyada iqtisadi fəallıq səviyyəsinin aşağı düşməsinə baxmayaraq, burada da yaxşı perspektivlər yaranır. Düşünürəm ki, biz iqtisadi əməkdaşlığı inkişaf etdirmək meyillərini qoruyub saxlaya biləcəyik".

Dövlət başçısı vurğulayıb ki, indiki şəraitdə nəqliyyat sahəsində əməkdaşlıqla bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir: "Bizim ölkəmiz uzun illərdir bu sahəyə fəal sərmayə yatırır. Bu gün ölkəmizin ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri həm də əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edir və ölkələrimizə əlavə iqtisadi dividendlər gətirir. Biz, həmçinin MDB-nin üzvü olan qonşu dövlətlərlə ölkələrimiz üçün böyük gələcəyə malik olacaq layihələr həyata keçiririk. Biz limanların, dəmir yollarının tikintisinə, dəniz nəqliyyatı ilə daşımalara, müasir beynəlxalq aeroportların inşasına sərmayə qoyuruq. Bu, daimi gəlir mənbəyi olan, həmçinin iqtisadi çərçivədən çıxan sahədir və həm də əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxarır. Əməkdaşlığın möhkəmləndirilməsi təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi deməkdir".

Son xəbərlər

Orphus sistemi