Həsən Ruhani: "İran və Azərbaycan bir-birinin yanında olmalıdır"

Həsən Ruhani: "İran və Azərbaycan bir-birinin yanında olmalıdır" Bakı. 29 mart. REPORT.AZ/ Ehtiyac duyduğunuz gün biz sizin yanınızda, biz ehtiyac duyduqda isə siz bizim yanımızdasınız.
Xarici siyasət
29 Mart , 2018 18:46
Həsən Ruhani: İran və Azərbaycan bir-birinin yanında olmalıdır

Bakı. 29 mart. REPORT.AZ/ "Ehtiyac duyduğunuz gün biz sizin yanınızda, biz ehtiyac duyduqda isə siz bizim yanımızdasınız".

"Report"un məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda çıxışı zamanı bildirib.

"İki ölkə arasında enerji, neft, qaz, neft-kimya sahələrində yaxşı imkanlara malikik. Siz sahibkarlar hər iki ölkədə bu sahədə fəal ola bilərsiniz. Biz son illər hətta kənd təsərrüfatı sahəsində də əməkdaşlıq etməyə başlamışıq və bu işi inkişaf etdirməliyik. Biz müxtəlif sahələrdə də əməkdaşlıq edə bilərik. Səhiyyə, dərman istehsalı, qabaqcıl texnologiya, elm sahələrində də bir-birimizin yanında ola bilərik. Bizim alimlər, şairlər, ziyalılar tarix boyu bizi qardaşlığa, dostluğa və əməkdaşlığa dəvət ediblər. Avtomobil istehsalından daha vacib, Xəzər dənizindəki əməkdaşlıqdan daha mühüm, Rəşt-Astara yolundan daha önəmli, Şimal-Cənub, Cənub-Qərb dəhlizlərindən daha mühüm dostluqdur, qardaşlıqdır, bir-birini fikirləşməkdir. Bizim üçün əhəmiyyət daşıyan odur ki, günbəgün qardaşlıq münasibətlərini daha çox hiss edək. Onu hiss edək ki, bir kökdənik. Hiss edək ki, tarix boyu bir sudan, bir torpaqdan bəhrələnmişik. Hiss edək ki, bizim mədəniyyətimizin bir mənşəyi vardır. Hiss edək ki, bizim dinimiz, inancımız bir yerdən qaynaqlanıb. Onu qəbul edək ki, yalnız dostluqla, qardaşlıqla, sədaqətlə öz xeyrimizə və bölgənin xeyrinə çalışmalıyıq. Biz təhlükəsizlik və sabitlik istəyirik. Bu, ancaq dostluqla mümkündür. Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı İranın inkişafıdır. Biz bütün varlığımızla kamil qardaşlıq istəyirik. Biz bir ailənin üzvləriyik. Bu bölgədə bir-birimizin yanında olmalıyıq. İmkanlardan istifadə etməliyik. Elektrik enerjisindən, energetika sahəsindən bəhrələnməliyik. Siz elektrik enerjisinə ehtiyac duyduqda, biz bu elektrik enerjisini sizə ötürə bilərik. Biz buna ehtiyac duyduqda isə siz öz növbənizdə bizə yardım göstərə bilərsiniz. Bu əlaqələr ikitərəfli, çoxtərəfli münasibətlərə çevrilə bilər və o zaman etibarlı şəbəkəyə sahib ola bilərik. Bu şəbəkə dayanıqlı və etibarlı şəbəkə olacaqdır. Ehtiyac duyduğunuz gün biz sizin yanınızda, biz ehtiyac duyduqda isə siz bizim yanımızdasınız", - hökumət başçısı qeyd edib.

İran prezidenti deyib ki, xoşbəxtlikdən, iki dövlətin mədəni, siyasi və regional məsələlərə dair baxışları yalnız bir-birinə yaxın deyildir, bir çox hallarda mövqeyi eynidir: "Biz beynəlxalq təşkilatlarda, regional məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizə dəstək veririk. Biz ikitərəfli əlaqələrimizi inkişaf etdirəcəyik. Biz üç, dörd və çoxtərəfli regional məsələləri də düşünürük. Xoşbəxtlikdən, qardaşım İlham Əliyevin müdrikliyi, eləcə də, iki dövlətin müdrik yanaşması sayəsində əlaqələrimizin günbəgün inkişafının şahidi olacağıq. Siz iş adamlarını dəvət edirəm ki, Azərbaycan və İranda bütün imkanlardan yararlanaraq, həm ticarətdə, həm sərmayə qoyuluşunda, Xəzərdə, turizmin inkişafı üçün sərmayə qoyuluşunda, elm, idman, təhsil ocaqları ilə bağlı əlaqələrin genişlənməsi sahəsində bir-birinizin yanında olasınız. Heç vaxt dostluqdan zərər görmərik. Heç vaxt səmimiyyətdən zərər görmərik. Yaşasın qardaşlığımız və məhəbbətimiz".

Son xəbərlər

Orphus sistemi