​Gürcüstandakı milli azlıqlar siyasi partiyaların seçkiqabağı fəallığından narazıdırlar

​Gürcüstandakı milli azlıqlar siyasi partiyaların seçkiqabağı fəallığından narazıdırlar Gürcüstan siyasi partiyaları milli azlıqlarla bağlı xüsusi proqramlar hazırlayıblar
Xarici siyasət
6 İyun , 2016 16:10
​Gürcüstandakı milli azlıqlar siyasi partiyaların seçkiqabağı fəallığından narazıdırlar

Tbilisi. 6 iyun. REPORT.AZ/ "Gürcüstandakı milli azlıqlar say tərkibinə uyğun olaraq parlamentdə təmsil olunmalıdırlar və bu, onların hüququdur". 

"Report" Gürcüstan bürosu xəbər verir ki, bu fikir iyunun 6-da Tbilisidə “Gürcüstanda yaşayan milli azlıqların problemləri, seçkiqabağı və seçkilərdən sonra onların həlli yolları” mövzusunda keçirilən “dəyirmi masa”da səslənib.

Tədbirdə “Gürcü arzusu”, “Xalq üçün dövlət”, “Qirçi”, “Vahid milli hərəkat” və digər partiyaların üzvləri, etnik azlıqların qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı bildirilib ki, parlamentdə mandat qazanmaq istəyən siyasi partiyalar və onların nümayəndələri seçkilər ərəfəsində milli azlıqların problemlərini qabardaraq siyasi dividend qazanmağa çalışırlar. Seçkilər başa çatdıqdan sonra isə problemlər və onların həlli yolları unudulur. Bugünkü tədbirin əsas məqsədi milli azlıqların nümayəndələri ilə birgə bu məsələləri bir daha müzakirə etmək, siyasi partiya nümayəndələrinin mövqeyini öyrənməkdir.

Müzakirələrdə iştirak edən Azərbaycan, erməni, osetin, rus, yezidi və digər millətlərin nümayəndələri çıxış edib, etnik toplumların problemləri barədə məlumat verib, onların həlli ilə bağlı təkliflərini səsləndiriliblər.

Tədbirdə vurğulanıb ki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, bu gün Gürcüstanda 233 min azərbaycanlı yaşayır. Bu, ümumi əhalinin 6,2 faizini təşkil edir. İkinci yerdə 168 min nəfərlə ermənilər (4,5 faiz) dayanır. Gürcüstan əhalisinin 0,7 faizini ruslar, 0,4 faizini osetinlər (Gürcüstanın işğal altında olan ərazilərində yaşayan osetinlər bu siyahıya daxil edilməyib), 0,3 faizini yezidilər və digər milli azlıqlar təşkil edirlər. Rəsmi statistikaya görə, ölkədə 3,53 milyon seçici var. Milli azlıqlar Gürcüstanın səsvermə hüquqlu əhalisinin təxminən 30 faizini təşkil edirlər.

Siyasi partiyaların nümayəndələri çıxışları zamanı hökumətin milli azlıqlara yetərincə diqqət yetirmədiyini etiraf ediblər. Bildirilib ki, seçkilər zamanı səsvermə hüququ olan milli azlıqların rolu danılmazdır. Buna görə də onların problemləri diqqətdən kənarda qalmamalıdır. Eyni zamanda, milli azlıqların parlamentdə təmsil olunma hüququ da pozulmamalıdır. Milli azlıqlar ölkədəki say çoxluğuna uyğun olaraq parlamentdə təmsil olunmalıdırlar.

Siyasi partiyaların nümayəndələri milli azlıqlarla bağlı xüsusi proqramlar hazırladıqlarını, hakimiyyətə gələcəkləri halda həmin proqramların icrasına başlanılacağını, sıralarında milli azlıqların nümayəndələrinin də yer aldığını bildiriblər.

Milli azlıqların nümayəndələri siyasi partiyaların seçkiqabağı platformalarında etnik toplumlarla bağlı müddəanın olmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Gürcüstan prezidenti bu il oktyabrın 8-də ölkədə parlament seçkilərinin keçirilməsinə dair fərman imzalayıb.

Gürcüstan qanunvericiliyinə görə, parlamentə 150 deputat seçilə bilər. Onlardan 77-si proporsional seçki sistemi üzrə (partiya siyahısı üzrə), 73-ü isə mojaritar qaydada seçilməlidir.

Son xəbərlər

Orphus sistemi