Gürcüstan parlamenti: Azərbaycanla strateji münasibətlərin dərinləşdirilməsi prioritet məsələ olaraq qalır

Gürcüstan parlamenti: Azərbaycanla strateji münasibətlərin dərinləşdirilməsi prioritet məsələ olaraq qalır Tbilisi. 26 noyabr. REPORT.AZ/ Azərbaycan və Türkiyə ilə strateji münasibətlərin dərinləşdirilməsi Gürcüstan üçün prioritet olaraq qalır.
Xarici siyasət
26 Noyabr , 2018 13:36
Gürcüstan parlamenti: Azərbaycanla strateji münasibətlərin dərinləşdirilməsi prioritet məsələ olaraq qalır
Report
0 : 00
0 : 00

Tbilisi. 26 noyabr. REPORT.AZ/ Azərbaycan və Türkiyə ilə strateji münasibətlərin dərinləşdirilməsi Gürcüstan üçün prioritet olaraq qalır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu, Tbilisidə bu gün təqdim olunan Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin 2018-2020-ci illər üçün strategiya və fəaliyyət planında yer alıb.

Sənəddə bildirilib ki, Gürcüstan üçün ölkənin demokratik, sabit və təhlükəsiz inkişafını təmin etmək üçün regional əməkdaşlığın gələcəkdə dərinləşdirilməsi və fəal qonşuluq siyasətinin aparılması önəmlidir.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə ilə iqtisadi, ticarət və enerji layihələrinin həyata keçirilməsi məsələsinə xüsusi diqqət yetiriləcək.

Parlament komitəsinin gələcək fəaliyyətində həmçinin Azərbaycan, Türkiyə və Ermənistan parlamentləri ilə parlamentlərarası ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi də nəzərdə tutulub.

Sənəddə həmçinin Gürcüstanın geosiyasi yerləşməsinin ölkənin xarici siyasətinə təsir etdiyi vurğulanıb: “Regionda yaxın qonşular daxil olmaqla digər ölkələrlə balanslaşdırılmış, effektiv ikitərəfli və çoxtərəfli əməkdaşlıq Gürcüstanın, bütövlükdə isə bölgənin təhlükəsiz və sülh şəraitində inkişafına əhəmiyyətli töhfə verəcək”.

Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava təqdimat mərasimində bildirib ki, strategiya və fəaliyyət planının əsas məqsədi komitənin uğurlu fəaliyyətini təmin etməkdir. O qeyd edib ki, sənəd Gürcüstandakı diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri üçün də faydalı olacaq.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani sənədin ölkənin üzləşdiyi bütün çağırışlara uyğun hazırlandığını bildirib: “Bölgədə və dünyada proseslər dinamik və sürətli olaraq inkişaf edir. Xarici İşlər Nazirliyi parlamentin Xarici əlaqələr komitəsi ilə fəal əməkdaşlıq edir və sənədin hazırlanmasına da cəlb olunub”.

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin strategiya və fəaliyyət planı Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə hazırlanıb. Sənəddə Gürcüstanın ərazi bütövlüyünün bərpası, Avropa İttifaqına və Avroatlantik məkana inteqrasiya, ABŞ və beynəlxalq təşkilatlarla əməkdaşlıq, regional əməkdaşlıq və xarici siyasətin digər prioritet istiqamətləri üzrə nəzərdə tutulan gələcək addımlar və vəzifələr yer alıb.

Təqdimat mərasimində Gürcüstan parlamentinin deputatları, hökumət üzvləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. 

Son xəbərlər

Orphus sistemi