Yuxarı

Fransanın Azərbaycandakı ilk səfiri: "Mən ilk andan Heydər Əliyevin şəxsiyyətinə valeh oldum"

Fransanın Azərbaycandakı ilk səfiri: "Mən ilk andan Heydər Əliyevin şəxsiyyətinə valeh oldum"
Jan Perən: O, insanda ozünə hörmət və rəğbət aşılayırdı

Paris. 11 dekabr. REPORT.AZ/ "Mən ilk dəqiqədən Heydər Əliyevin şəxsiyyətinə valeh oldum. O, insanda ozünə hörmət və rəğbət aşılayırdı".

"Report"un Fransa bürosu məlumat verir ki, bu sözləri Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perən ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü münasibətilə Azərbaycanın Fransadakı Səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə deyib.

O, qeyd edib ki, Azərbaycana 1992-ci ildə səfir təyin edilib: "1991-1992-ci illərdə Azərbaycanda dövlət çevrilişləri bir-birini əvəz edirdi. Vəziyyət qeyd-sabit idi. Azərbaycanla Fransa arasında münasibətlər də yaxşı deyildi. Çünki sabiq prezident Əbülfəz Elçibəy Fransanı ermənilərə kömək etməkdə, xüsusən hərbi dəstək verməkdə ittiham edirdi.

Naxçıvana gedib Heydər Əliyevlə görüşdüm. Görüşümüz onun kiçik iş otağında keçdi. Çox soyuq idi. İsidicilər işləmirdi. Söhbətimiz qısa oldu. Biz ikitərəfli münasibətlərdən danışdıq. 

İlk andan onun şəxsiyyətinə valeh oldum. Heydər Əliyev insanda ozünə hörmət və rəğbət aşılayırdı. Görüşümüzün sonunda qeyri-ixtiyari olaraq "Bakıda tezliklə görüşmək ümüdü ilə" - dedim. Həqiqətən də, bir qədər sonra o, Bakıya qayıtmalı oldu. Çünki hakimiyyət vəziyyətə nəzarət edə bilmirdi. Hər yerdə üsyançı qüvvələr fəaliyyət göstərirdilər".

O, qeyd edib ki, Azərbaycanın belə bir rəhbəri olmasında bəxti gətirib: "Necə ki, biz fransızların bəxti Şarl de Qoll kimi rəhbərimizin olması idi. Şarl de Qoll 1940-cı illərdə vəziyyəti əlinə aldı və onun gördüyü işlərin nəticələri 50 il müddətində öz bəhrəsini verməkdə davam etdi.

Heydər Əliyev konkret insan idi. O, dəyişən vəziyyətə öyrəşməyi bacarırdı. Sovet İttifaqı dağıldıqdan sonra tez bir zamanda vəziyyəti təhlil edib, yeni tədbirlər həyata keçirməyə başladı. Bunun da nəticəsidir ki, Azərbaycan inkişaf edə bildi".

Jan Perən qeyd edib ki, Heydər Əliyev ilə dostluq əlaqələri olub: "Onun haqqında danışanda kövrəlirəm. Məhz Heydər Əliyevin sayəsində Fransanın Azərbaycandakı Səfirliyi Rəsul Rza küçəsindəki binanı ala bildi. Bunun üçün uzun müddət danışıqlar aparmalı oldu. Lakin nəhayət ki, binanı almaqda bizə kömək etdi. Mən bununla bildirmək istəyirəm ki, o, diplomatik danışıqlara hazır olan diplomat idi". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi