Ermənistanın qeyri-konstruktiv yanaşmasına görə QDİƏT-in sənədini qəbul etmək mümkün olmayıb

Ermənistanın qeyri-konstruktiv yanaşmasına görə QDİƏT-in sənədini qəbul etmək mümkün olmayıb Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Afinada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 41-ci iclasında iştirak edib.
Xarici siyasət
13 Dekabr , 2019 15:28
Ermənistanın qeyri-konstruktiv yanaşmasına görə QDİƏT-in sənədini qəbul etmək mümkün olmayıb

Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Afinada keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 41-ci iclasında iştirak edib. 

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. 

İclasda təşkilat çərçivəsində sahəvi əməkdaşlıq məsələləri, işçi qrupların fəaliyyəti, səmərəliliyin artırılması üsulları, təşkilati məsələlər, QDİƏT-in digər ölkə və təşkilatlarla əməkdaşlığı və digər məsələlər müzakirə edilib.

Uzun müddətdir təşkilat çərçivəsində baxılmaqda olan və iqtisadi əməkdaşlığı ehtiva edən sənəd layihələri də iclasda müzakirə edilib, lakin Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması və beynəlxalq hüququn normalarını inkar etməsi səbəbindən bu dəfə də qəbul edilə bilməyib, beləliklə üzv ölkələrin narazılığına səbəb olub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışında ölkəmizin təşkilatda səmərəli və layihə yönlü fəaliyyətdə maraqlı olduğunu, konkret nəticələrə hədəflənmiş fəaliyyətin vacibliyini qeyd edib. O, Azərbaycanın regionda bağlantılar sahəsində bir sıra layihələr həyata keçirdiyini, bu sahədə böyük imkanların olduğunu və QDİƏT regionunun Azərbaycanın potensialından yararlana biləcəyini də səsləndirib. Nazir müavini regionda əməkdaşlığın inkişafı üçün həlli uzadılmış münaqişələrin böyük maneə olduğunu, QDİƏT çərçivəsində əməkdaşlığa mənfi təsir göstərdiyini, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın özünü regional layihələrdən təcrid etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan 2018-ci ildə təşkilatda sədrliyi həyata keçirmiş və fəaliyyətini bağlantılar sahəsində layihələr üzərində qurmuşdur.

Son xəbərlər

Orphus sistemi