Elmar Məmmədyarov Vyetnamın sənaye və ticarət naziri ilə görüşüb

Elmar Məmmədyarov Vyetnamın sənaye və ticarət naziri ilə görüşüb Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri barədə məlumat verib
Xarici siyasət
13 Sentyabr , 2017 10:23
Elmar Məmmədyarov Vyetnamın sənaye və ticarət naziri ilə görüşüb
Mfa.gov.az

Bakı. 13 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyetnama səfəri çərçivəsində bu ölkənin sənaye və ticarət naziri, Azərbaycan-Vyetnam Hökumətlərarası Birgə Komissiyanın həmsədri Tran Tuan Anh ilə görüşüb.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Vyetnam arasında əlaqələrin dərin köklərə söykəndiyi vurğulanaraq, bu xüsusda Vyetnam Sosialist Respublikasının ilk prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri və ulu öndər Heydər Əliyevin 1983-cü ildə SSRİ-nin Nazirlər Şurasının sədrinin birinci müavini qismində Vyetnama səfərinin iki xalq arasında sıx dostluq münasibətlərinin təməlini qoyduğu diqqətə çatdırılıb.

Habelə, hazırda ölkələr arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilərək, 2014-cü ilin mayın 18-19-da Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin, 2015-ci ilin 13-15 mayında isə Vyetnam Sosialist Respublikasının keçmiş prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verdiyi diqqətə çatdırılıb.

E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, ölkədə nəqliyyat sektorunun inkişafı və bu əsnada Bakı portunun imkanlarının artırılması barədə həmsöhbətinə məlumat verib və Şimal-Cənub nəqliyyat dəhlizinin Vyetnamın ixrac məhsullarının Avropa bazarına çıxarılması üçün əlverişli imkanlar təmin edə biləcəyini diqqətə çatdırıb.

Vyetnamın Avropa İttifaqı bazarına ixracının artmaqda olduğunu qeyd edən nazir Tran Tuan Anh, bu xüsusda nəqliyyat və logistika imkanlarının genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq Azərbaycan tərəfinin bu cəlbedici təklifinin mütləq şəkildə nəzərdən keçiriləcəyini deyib. 

Görüş zamanı Azərbaycan və Vyetnam arasında iqtisadi, ticarət, enerji, təhsil sahəsində əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycanın neft avadanlığı istehsal edən müvafiq şirkətlərinin məhsullarının Vyetnam bazarına çıxarılması imkanları müzakirə edilib. Bu istiqamətdə Birgə Komissiya çərçivəsində müvafiq işlərin aparılacağı vurğulanıb.

Qeyd edək ki, səfərdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyev də iştirak edir.

Son xəbərlər

Orphus sistemi