Elmar Məmmədyarov: "Metsamor" AES ciddi təhlükə mənbəyidir"

Elmar Məmmədyarov: "Metsamor" AES ciddi təhlükə mənbəyidir" "AEBA tərəfindən bu istiqamətdə zəruri addımlar atılmalıdır"
Xarici siyasət
18 Aprel , 2018 18:21
Elmar Məmmədyarov: Metsamor AES ciddi təhlükə mənbəyidir

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri vəzifəsini icra edən Elmar Məmmədyarov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amanonu qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) arasında mövcud effektiv əməkdaşlıqdan məmnunluğunu ifadə edərək AEBA-nın fəaliyyət və yardımının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə AEBA ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində ölkəmizdə həyata keçirilmiş 22 layihə və icra edilməkdə olan 9 layihənin Azərbaycanın inkişafı və müvafiq qurumların imkanlarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycanın milli tədqiqat reaktorunun yaradılması və istifadə edilməsində və kadrların hazırlanmasında AEBA-nın dəstəyi yüksək qiymətləndirilib. Tərəflər sülh məqsədləri üçün nüvə texnologiyasının tətbiqinə toxunaraq səhiyyə, kənd təsərrüfatı, neft sənayesi kimi sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov nüvə reaktorlarının təhlükəsizliyi məsələsinə toxunaraq Ermənistanda yerləşən, bölgəmiz üçün ciddi təhlükə mənbəyi olaraq köhnəlmiş Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən “Metsamor” AES-in istismarından irəli gələn təhlükələri diqqətə çatdırıb. O həmçinin "Metsamor" AES-in nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı baxımdan ciddi təhlükə mənbəyi olduğunu vurğulayaraq nüvə təhlükəsizliyi konsepsiyası çərçivəsində AEBA tərəfindən bu istiqamətdə zəruri addımların atılmasının vacibliyini qeyd edib.

Görüşdə beynəlxalq nüvə təhlükəsizliyi, dinc məqsədlərlə nüvə texnologiyasından istifadə edilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi