Elmar Məmmədyarov GUAM-ın yaranmasının XX ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edib

Elmar Məmmədyarov GUAM-ın yaranmasının XX ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edib XİN rəhbəri GUAM-ın üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrildiyini vurğulayıb
Xarici siyasət
8 Oktyabr , 2017 13:35
Elmar Məmmədyarov GUAM-ın yaranmasının XX ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edib

Tbilisi. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın yaranmasının XX ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, E.Məmmədyarov çıxışında GUAM-ın üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrildiyini vurğulayıb.

Bildirib ki, GUAM təşkilatı üzv ölkələrin ərazisində münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsi üçün vacib rol oynayır.

GUAM-ın nüfuzunun gündən-günə artdığını deyən nazir bu məsələdə əməkdaşlığın effektiv olacağını bildirib. Qeyd edib ki, üzv dövlətlər əlaqələri gücləndirmək üçün ilk növbədə müstəqillik və suverenliyini möhkəmləndirməlidir, məruz qaldığı işğal faktından qurtulmalıdır. GUAM-a üzv olan dörd ölkə demək olar ki, oxşar problemlərdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlıq daha da gücləndirilməlidir. Bütün bunlar GUAM-a üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq.

E.Məmmədyarov deyib: “GUAM-a üzv olan dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın müvafiq bəyanatları mövcuddur. Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri regionda həyata keçirilən iri miqyaslı layihələr, xüsusən də Avropa ilə Asiyanı birləşdirən qədim İpək yolu, bu layihənin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi əlaqələrimizin sektorlar üzrə inkişafında mühüm rol oynadığını xüsusi qeyd edib. Humanitar, mədəni, turizm və idman sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğulayan E.Məmmədyarov digər ölkələri də bu sahələrdə birgə əməkdaşlığa dəvət edib.

Görüşün sonunda fəaliyyət planı və əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanacaq.

Sonra Ukrayna və Moldovanın xarici işlər nazirləri, GUAM-ın Baş katibi Altay Əfəndiyev çıxış edib, GUAM-ın fəaliyyət prinsipləri və perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi