Bakı. 8 aprel. REPORT.AZ/ Əfqanıstanın dağ-mədən və neft sənayesi naziri Daud Şah Səbanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Əfqanıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, Əfqanıstan Prezidentinin MDB dövlətləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Şaker Karqar da nümayəndə heyətinin tərkibinə daxildir.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvəti ilə baş tutan səfər çərçivəsində əfqan qonaqların Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Həmin görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafı yolları müzakirə olunacaq.
Əfqanıstan nümayəndə heyətinin Azərbaycana səfəri aprelin 10-da başa çatacaq.