Dövlət Komitəsinin sədr müavini: "Azərbaycanda yaşayan xalqlar arasında həmişə qarşılıqlı anlaşma olub"

Dövlət Komitəsinin sədr müavini: "Azərbaycanda yaşayan xalqlar arasında həmişə qarşılıqlı anlaşma olub" Bakıda "Dinlərarası tolerantlıq və medianın rolu" mövzusunda konfrans keçirilir
Xarici siyasət
15 Dekabr , 2016 11:48
Dövlət Komitəsinin sədr müavini: Azərbaycanda yaşayan xalqlar arasında həmişə qarşılıqlı anlaşma olub

Bakı. 15 dekabr. REPORT.AZ/ "Azərbaycan tarixən Avropa və Asiya arasında körpü rolunu oynayıb".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Dinlərarası tolerantlıq və medianın rolu" mövzusunda keçirilən konfransda deyib.

"Ticari və siyasi münasibətlər çərçivəsində müxtəlif millətlərin nümayəndələri Azərbaycana gəlib. Azərbaycan da digər millətlərdən ən yaxşı keyfiyyətləri öyrənib və öz keyfiyyətlərini onlara verib", - deyə S.Salahlı bildirib.

Onun sözlərinə görə, bunun sayəsində Azərbaycan xalqı sevgi, dostluq, hörmət kimi keyfiyyətləri inkişaf etdirməyi bacarıb.

"Bütün bunlar "Quran"dan qaynaqlanır və bu, Azərbaycan xalqının mentalitetindədir. Azərbaycanda yaşayan xalqlar arasında həmişə qarşılıqlı anlaşma olub. Azərbaycan xalqı heç vaxt onunla birgə yaşayan xalqlara qarşı aqressiv və ya mənfi düşüncəli olmayıb", - o vurğulayıb.

O, Azərbaycanda yaşayan digər millətlərin və dini və etnik qrupların nümayəndələrinin ölkədə dinc, sərbəst və maneəsiz şəkildə öz ənənələrini saxladıqlarını və icra etdiklərini əlavə edib.

Öz növbəsində, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, müxtəlif etnik və dini qrupların nümayəndələri həmişə Azərbaycanda özlərini problemsiz hiss ediblər: "Bakının mərkəzində erməni kilsəsi var. O, dövlət tərəfindən qorunur və mühafizə edilir".

Onun sözlərinə görə, Azərbaycanda bu baxımdan mükəmməl qanunvericilik var.

Ə.Amaşov, həmçinin bu məsələdə medianın rolunu da qeyd edib.

"Azərbaycan jurnalistika tarixində KİV-in dözümsüzlük nümayiş etdirib millətlər arasında ədavət yaratmasına dair heç bir fakt yoxdur", - sədr bildirib.

Son xəbərlər

Orphus sistemi