Moskva. 7 fevral. REPORT.AZ/ Dövlət Dumasında Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin açılışı olub.
Bu barədə "Report"un Rusiya bürosu xəbər verib.
Sərginin təntənəli açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin iştirak ediblər.
Sərginin açılış mərasimində çıxış edən O.Əsədov bu cür tədbirlərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə kömək edəcəyinə əmin olduğunu bildirib.
"Əminəm ki, münasibətlərimiz ildən-ilə inkişaf edəcək. Dövlət rəhbərləri dəfələrlə görüşüblər, bu görüşlər zamanı 200-dən çox dövlətlərarası sənəd imzalanıb", - Azərbaycan parlamentinin sədri vurğulayıb.
Sərgidə nümayiş olunan ekspozisiyaya Azərbaycanın maddi və qeyri-maddi irsi - xalçalar, musiqi alətləri, ənənəvi naxış elementləri və s. daxildir.
Stendlər və interaktiv monitorlar Azərbaycanın və Rusiyanın zəngin tarixini əks etdirir.