Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəmizə gəldiyi, yaxud Azərbaycanda icarəyə götürdüyü avtomobillərlə yol hərəkəti qaydalarını pozaraq cəriməni ödəmədən ölkədən çıxması hallarının qarşısı alınacaq. Bu məqsədlə respublikanın bütün sərhəd məntəqələrində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 5 dildə hazırlanmış buklet və plakat formasında olan xüsusi bildirişlərin paylanılmasına başlanılıb.
Buklet formalı bildirişlər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri ilə ölkəyə daxil olan sürücülərə paylanılır, plakatlar isə həmin məntəqələrdə yaxşı oxuna bilən yerlərdən asılıb.
Həmçinin ilin əvvəlində xarici ölkə vətəndaşlarına tətbiqi nəzərdə tutulan qanunvericiliyin tələbləri barədə məlumat çatdırılması məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə səfirliklərə müraciət edilib.