Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində Dağlıq Qarabağ münaqişəsini qaldırıblar

Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində Dağlıq Qarabağ münaqişəsini qaldırıblar Bakı. 23 fevral. REPORT.AZ/ Milli Məclisin deputatları Şahin İsmayılov və Kamran Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) və Parlamentlərarası İttifaqın (PAİ) birgə təşkilatçılığı ilə BMT-nin Nyu-York şəhərindəki baş qərargahında “Multilateralizmə qarşı yaranan problemlərə parlamentlərin cavabı” mövzusunda keçirilən illik parlament dinləmələrində iştirak ediblər.
Xarici siyasət
23 Fevral , 2019 20:28
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində Dağlıq Qarabağ münaqişəsini qaldırıblar

Bakı. 23 fevral. REPORT.AZ/ Milli Məclisin deputatları Şahin İsmayılov və Kamran Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) və Parlamentlərarası İttifaqın (PAİ) birgə təşkilatçılığı ilə BMT-nin Nyu-York şəhərindəki baş qərargahında “Multilateralizmə qarşı yaranan problemlərə parlamentlərin cavabı” mövzusunda keçirilən illik parlament dinləmələrində iştirak ediblər.

Dünyanın 60 ölkəsindən 200-dən artıq parlament üzvünün, habelə BMT-nin yüksək vəzifəli şəxslərinin və ekspertlərinin iştirak etdiyi dinləmələrdə multilateralizm qarşısında duran problemlər, onların həlli yolları və bu istiqamətdə milli parlamentlərin rolu sahəsində geniş müzakirələr aparılıb.

Dinləmələr BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza Qarsesin və PAİ-nin prezidenti Qabriela Kuevas Barronun giriş nitqləri ilə başlayıb, tədbirdə xüsusi qonaq qismində iştirak edən BMT-nin baş katibi Antonio Qutereş çıxış edib. Sonra dinləmələr panel müzakirələri ilə davam etdirilib. BMT-nin baş katibi müasir dönəmdə qloballaşan dünyada multilateralizm sisteminin artıq fərqli olduğunu, bu baxımdan BMT-nin və onun ixtisaslaşdırılmış qurumlarının fəaliyyətinin təkmilləşdirilməsinin və bu sahədə əsaslı islahatların həyata keçirilməsinin vacibliyini bildirib.

Tədbirin panel müzakirələri çərçivəsində bir sıra məsələlər, o cümlədən multilateralizmin qlobal və milli ölçülərdə əhəmiyyəti, onun təşviqində parlamentlərin rolu və maliyyələşdirilməsində mövcud olan boşluqlar, BMT-nin münaqişələrin qarşısının alınması, nizama salınması və sülhməramlı fəaliyyətinin səmərəliliyinin artırılması, bununla bağlı təşkilatın Baş Assambleyasının fəaliyyətinin canlandırılması, Təhlükəsizlik Şurasında islahatların həyata keçirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb, çoxsaylı çıxışlar edilib.

Panel müzakirələrində çıxış edən Milli Məclisin deputatları BMT-nin fəaliyyətinin gücləndirilməsi, dünyada nüfuzunun artırılması məqsədilə təşkilatın nizamnaməsində nəzərdə tutulmuş bütün məqsəd və prinsiplərə, xüsusilə də dövlətlərin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə bütün üzv-dövlətlər tərəfindən ciddi əməl olunmasının zəruriliyini vurğulayıb, təşkilatın Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal və qeyd-şərtsiz yerinə yetirilməsi üzrə üzv-dövlətlərin öhdəliklərinin icrasının əhəmiyyətini qeyd ediblər.

Deputatlar həmçinin tədbir iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Ermənistan tərəfindən torpaqlarımızın işğalına, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edərək, işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 26 ildən artıqdır ki, Ermənistan tərəfındən icra olunmadığını xüsusi vurğulayıblar. Bununla əlaqədar Milli Məclisin deputatları BMT strukturunda həyata keçiriləcək islahatlar çərçivəsində Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin təkmilləşdirilməsi, həmin sənədlərin icrasından imtina edən və ya yayınan üzv-dövlətlərə qarşı sərt cəza tədbirlərinin, o cümlədən ciddi sanksiyaların tətbiq edilməsi təklifi ilə çıxış ediblər.

Dinləmələrdə həmçinin BMT-də və üzv-dövlətlərdə gender bərabərliyi, kütləvi informasiya və kommunikasiya vasitələrinin müasir multilateralizm sisteminə təsiri və digər mövzular ətrafında da müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin əməkdaşları da iştirak edib.

Son xəbərlər

Orphus sistemi