Deputat: "Litva Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır"

Deputat: "Litva Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır" Litvada səfərdə olan azərbaycanlı parlamentarilər bir sıra görüşlər keçiriblər
Xarici siyasət
18 May , 2016 20:53
Deputat: Litva Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır

Bakı. 18 may. REPORT.AZ/ Litvada səfərdə olan Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə, Milli Məclisin üzvləri Muxtar Babayev və Elşad Həsənov bir sıra görüşlər keçiriblər.

Azərbaycanın Litvadakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər zamanı Litva Seyminin spikeri Loreta Qraujinene, Litva xarici işlər nazirinin müavini Andrius Krivas, Seymdə "Vətən Birliyi-Xristian Demokratları" fraksiyasının rəhbəri, keçmiş baş nazir Andrius Kubilius, Seymdə Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupunun üzvləri və Litvada yaşayan həmyerlilərimizlə görüşlər keçirilib.

Görüşlərdə Milli Məclisin üzvləri qarşı tərəfə Azərbaycanın son illərdə iqtisadi, mədəni, təhsil və digər sahələrdə əldə etdiyi nailiyyətlər, həmçinin aprelin 2-də erməni silahlı bölmələri tərəfindən Azərbaycanın cəbhəyanı bölgələrdə məskunlaşmış dinc əhalinin yaşadığı məntəqələri iriçaplı silahlardan atəşə tutması nəticəsində təmas xəttində baş vermiş hərbi gərginlik barədə məlumat verib.

Litva Seyminin spikeri Loreta Qraujinene ilə görüşdə millət vəkili Kamran Nəbizadə Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını çatdıraraq, Milli Məclisin sədri tərəfindən xanım Qraujineneyə ünvanlanmış dəvət məktubunu təqdim edib. Litva Seyminin sədri dəvətə görə minnətdarlığını bildirərək, səfərin tarixlərinin diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcəyini qeyd edib.

Litva xarici işlər nazirinin müavini Andrius Krivas ilə görüşdə iki ölkə arasında geniş spektrdə əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı marağın mövcud olduğu qeyd edilib. Azərbaycan-Litva əlaqələrinin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparılıb.

Litva Seyminin Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupu ilə keçirilən görüşdə isə tərəflər parlamentlərarası əlaqələrin iki ölkə arasında inkişaf edən münasibətlərə mühüm töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər.

Qrupun sədri Yuras Pojela isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin rəsmi mövqeyinin dəyişilməz olduğunu, Litvanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını vurğulayıb. O, Litva Seymində Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupun üzv sayının çoxluğuna görə ən iri olduğunu, Seymin 141 üzvündən 51-nin qrupa daxil olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi