Səfir: "Rumıniya və NATO-dakı müttəfiqləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Səfir: "Rumıniya və NATO-dakı müttəfiqləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" Daniel Kristian Çobanu: "Azərbaycanın iyulun 8-9-da Varşavada keçiriləcək NATO sammitində ən yüksək səviyyədə təmsil olunacağına ümid edirik"
Xarici siyasət
2 İyun , 2016 15:35
Səfir: Rumıniya və NATO-dakı müttəfiqləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bakı. 2 iyun. REPORT.AZ/ "Azərbaycanın iyulun 8-9-da Varşavada keçiriləcək NATO sammitində də ən yüksək səviyyədə təmsil olunacağına ümid edirik".

Bunu "Report"a müsahibəsində Rumıniyanın Azərbaycandakı səfiri, eyni zamanda NATO-nun Bakıdakı əlaqələndirici ofisinin rəhbəri mandatını icra edən Daniel Kristian Çobanu deyib.

Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ildə Buxarestdə, 2010-cu ildə Lissabonda, 2012-ci ildə Çikaqoda, 2014-cü ildə isə Uelsdə keçirilən NATO sammitlərində iştirak etdiyini xatırladıb.

Varşava sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin olub-olmayacağı ilə bağlı sualı cavablandıran Rumıniya səfiri xatırladıb ki, NATO-nun Uelsdə keçirilmiş son sammitində dövlət və hökumət başçılarının qəbul etdiyi bəyannamədə həlli uzadılmış münaqişələrin mövcudluğunun narahatlıq doğuran məqamlar kimi qalması vurğulanıb. "Rumıniya və NATO-dakı müttəfiqləri Azərbaycanın, Gürcüstanın və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir", - deyə, o, qeyd edib.

Diplomat həmçinin NATO baş katibi Yens Stoltenberqin dəfələrlə NATO-nun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini və münaqişənin hərbi yolla həllinin olmadığını bildirdiyini xatırladıb. "Tərəflər danışıqlar masasına qayıtmalı və məsələnin hərtərəfli həllini tapmalıdır. Münaqişənin sülh yolu ilə həlli NATO-nun bütün tərəfdaş ölkələrinin "Sülh üçün tərəfdaşlıq" Proqramına qoşulduğu zaman sadiq qalmağı öhdəlik kimi götürdüyü əsas vəzifələrdən biridir", - deyə D.Çobanu sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi