Yuxarı

Cavaxadze: "Azərbaycan və Gürcüstanın mərkəzi seçki komissiyaları arasında çox yaxşı münasibətlər var"

Cavaxadze: "Azərbaycan və Gürcüstanın mərkəzi seçki komissiyaları arasında çox yaxşı münasibətlər var"

Tbilisi. 23 mart. REPORT.AZ/ “Azərbaycan və Gürcüstanın mərkəzi seçki komissiyaları arasında çox yaxşı münasibətlər var. Biz qarşılıqlı olaraq bir-birimizin təcrübəsindən yararlanırıq”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Dimitri Cavaxadze söyləyib.

Onun sözlərinə görə, Gürcüstan MSK-nın üzvləri bu ilin 11 aprelində Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün Bakıya səfər edəcəklər. Səfər çərçivəsində Gürcüstan MSK-nın üzvləri həm də Azərbaycanın seçki qanunvericiliyini, seçki sistemində tətbiq olunan yenilikləri öyrənəcəklər.

D.Cavaxadze aprel ayında Azərbaycanda seçkilərin tam ədalətli, şəffaf və demokratik keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Cavaxadze Azərbaycan MSK-nın müşahidə missiyasının da öz növbəsində bu ilin oktyabrında Gürcüstanda keçiriləcək prezident sekilərini izləmək üçün ölkəsinə dəvət olunacağını bildirib:

“Gürcüstan Avropaya və NATO-ya inteqrasiya edir. Seçkilərin demokratik, şəffaf və azad keçirilməsi bizim üçün çox vacibdir. Ona görə də çalışacağıq ki, bu seçkiləri də beynəlxalq standartlara uyğun keçirək”.

D.Cavaxadze bildirib ki, artıq seçkilərlə bağlı bəzi addımlar atılıb. Gürcüstan MSK bu il keçiriləcək prezident seçkisinə 39 136 784 lari (təqribən 15 mln. dollar) vəsait ayırmağı nəzərdə tutub. Bu məbləğin 28 milyon 272 min 634 larisi seçkinin keçirilməsi, 1 milyon 002 min 300 larisi seçkilərə hazırlıq, 2 milyon 242 min 850 larisi seçki subyektlərinin televiziya vasitəsilə reklamına, 7 milyon 619 000 larisi isə seçki subyektləri nümayəndələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

Amma bu rəqəm dəyişə də bilər. MSK üzvünün sözlərinə görə, bundan əvvəlki parlament və bələdiyyə seçkilərində də əvvəlcədən nəzərdə tutulmuş məbləğ bəzi səbəblərdən sonradan artırılıb. MSK bununla əlaqədar hökumətə və digər əlaqədar qurumlara müvafiq bildirişlər verib və artıq məbləğin hansı istiqamətlərə xərcləndiyi detalları ilə cəmiyyətə açıqlanıb.

“Düşünürəm ki, bu il də seçkilər üçün nəzərdə tutulmuş vəsait artırıla bilər” – deyə Cavaxadze vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi