Britaniyalı deputat: "Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıyıq və buradakı sabitliyi yüksək dəyərləndiririk"

Britaniyalı deputat: "Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıyıq və buradakı sabitliyi yüksək dəyərləndiririk" Bob Blekmen: "Ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsi üçün geniş potensial var"
Xarici siyasət
27 İyul , 2016 18:39
Britaniyalı deputat: Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıyıq və buradakı sabitliyi yüksək dəyərləndiririk

Bakı. 27 iyul. REPORT.AZ/ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Böyük Britaniya parlamentinin nümayəndə heyəti arasında görüş keçirilib.

"Report" xəbər verir ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqları Milli Məclisdə salamlayaraq, ümidvar olduğunu bildirdi ki, bu səfər əlaqələrimizin inkişafına müsbət təsirini göstərəcək. Komitə sədri parlamentlər arasındakı əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafındakı rolu barədə danışaraq, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi. 

Bildirildi ki, bu gün Milli Məclisdə dünyanın müxtəlif ölkələri ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir. O, Böyük Britaniya parlamentindəki həmkarları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, dostluq qruplarının fəaliyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən söhbət açdı.

S.Seyidov Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlər, ölkəmizin qlobal neft-qaz layihələrində iştirakı barədə danışıb. Vurğulandı ki, bu gün ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində öz dini etiqadlarını həyata keçirirlər. Müxtəlif xalqların nümayəndələri mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi, tolerantlıq mühitində yaşayırlar: "Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı faydalı əlaqələrini möhkəmləndirir. Beynəlxalq təşkilatlarla milli maraqlar baxımından səmərəli münasibətlər qurur." 

Böyük Britaniya parlamentinin deputatı Bob Blekmen səmimi görüşə görə nümayəndə heyəti adından minnətdarlığını ifadə etdi. O, Böyük Britaniyanın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğuladı, iqtisadi və mədəni əlaqələrimizin günbəgün dərinləşdiyini söyləyən qonaq Azərbaycandakı sabitliyi yüksək dəyərləndirdi. Qonaq dövlət quruculuğu prosesində parlamentin oynadığı rola diqqət çəkərək, Milli Məclisdə olmağından, buradakı həmkarları ilə fikir mübadiləsi aparmağından məmnun qaldığını söylədi. Parlament üzvü Milli Məclislə əməkdaşlığı gələcəkdə daha da genişləndirmək niyyətində olduqlarını söylədi: "Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi məqsədlərə xidmət edir." 

Britaniyalı deputat ölkələrimiz arasında həyatın bütün sahələrində əməkdaşlığın dərinləşməsi üçün geniş potensialın olduğunu vurğuladı. 

Görüşdə iştirak edən Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Fuad Muradov, Vüsal Hüseynov, Kamran Bayramov Milli Məclis komitələrinin fəaliyyəti, qanunvericilik yaradıcılığı barədə qonaqlara ətraflı məlumat veriblər. 

Böyük Britaniya parlamenti nümayəndə heyətinin üzvləri də öz növbəsində İngiltərə qanunvericilik sistemi barədə söhbət açıblar. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafı təqdirəlayiq hal kimi dəyərləndirilib.

Son xəbərlər

Orphus sistemi