Yuxarı

Boqotada Azərbaycan və Kolumbiya arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib

Boqotada Azərbaycan və Kolumbiya arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib
Azərbaycanın xarici işlər naziri Kolumbiya prezidenti ilə görüşüb
© Report.az

Bakı. 31 may. REPORT.AZ/ Kolumbiyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin prezidenti Xuan Manuel Santos ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edib.

İlk olaraq, Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Kolumbiya prezidentinə çatdırıb. Xuan Manuel Santos isə öz növbəsində, onun salamları və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Kolumbiya prezidenti Xuan Manuel Santos Azərbaycanın regionun ən güclü ölkəsi olduğunu qeyd edib və ölkəmizdə son illərdə əldə olunmuş iqtisadi-siyasi nailiyyətlərə sevindiyini bildirib. Həmçinin, o, ilk fürsətdə məmnuniyyətlə Azərbaycana səfər edəcəyini qeyd edib.

Görüş əsnasında Azərbaycan və Kolumbiya arasında mövcud yüksək səviyyəli dost əlaqələrinin inkişafından məmnunluq ifadə edilib və sözügedən əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb və bu xüsusda ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Kolumbiyanın xarici işlər naziri Mariya Anxela Olqin, kənd təsərrüfatı naziri Aurelio İraqorri və ticarət, sənaye və turizm naziri Mariya Klaudiya Lakuçer iştirak edib.

Eyni zamanda, iki ölkənin XİN başçıları ikitərəfli siyasi məsləhətləşmələrin IV iclasını keçiriblər. Tərəflər belə məsləhətləşmələri ticarət, mədəniyyət, təhsil və kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün dəyərli alət kimi qiymətləndirib.

E.Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Boqotaya səfəri zamanı Azərbaycan bazarı ilə maraqlanan kolumbiyalı sahibkarlarla görüş keçirəcəyi də gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi