BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu başa çatıb

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu başa çatıb “Sülh olmadan cəmiyyət inkişaf edə bilməz”
Xarici siyasət
27 Aprel , 2016 16:31
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu başa çatıb

Bakı. 27 aprel. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun bağlanış mərasimi keçirilib.

“Report”un xəbərinə görə, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir çıxış edərək qeyd edib ki, forum uğurla nəticələnib: “Mən Azərbaycanla əməkdaşlıqdan məmnunam. Tədbirdə inklüziv cəmiyyətlərdə birgəyaşayış məsələsi müzakirə olundu, fikir mübadiləsi aparıldı. Həmçinin, zorakı ekstremizmin aradan qaldırılması istiqamətində də danışıqlar apardıq. Təşkilatımız sosial inklüzivliyin təbliğ olunması üçün unikal platformadır. Sosial inklüzivliyi bundan sonra da təşviq etməliyik. Bu gün Avropada baş verən miqrant böhranı mətbuatın da məsuliyyətini artırır. Ekstremizm və terrorçuluq sülhə təhlükə yaradır. Sülh olmadan cəmiyyət inkişaf edə bilməz. Biz bu istiqamətdə gənclərə dəstək verməliyik. Hesab edirəm ki, gələcəyə ümidlə baxa bilərik”.

Azərbaycanın mədəniyyət və turizm naziri, forumun Milli Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev isə çıxışında tədbirin uğurla keçdiyini vurğulayıb, buna görə iştirakçılara təşəkkür edib. O bildirib ki, Azərbaycan bu tədbiri uğurla başa çatdırıb: “Bütün çıxış edənlərə minnətdarlığımızı bildiririk. Forumda 147 ölkənin nümayəndəsi iştirak edib. 4300-dən çox iştirakçı qeydiyyatdan keçib. Könüllüləri də buraya əlavə etsək, iştirakçıların sayı 6 min nəfərdən çox edir. Sessiya ərəfəsində 168 nəfər çıxış edib”.

Ə.Qarayev forumda qəbul edilən Bakı bəyannaməsinin uğurlu olduğunu diqqətə çatdırıb.

Sonra forum rəsmən bağlı elan edilib.

Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu aprelin 25-də başlayıb. VII Qlobal Forumun Bakı bəyannaməsi qəbul edilib.

Son xəbərlər

Orphus sistemi