Latviya XİN başçısı: "Biz Azərbaycanla açıq və konstruktiv siyasi dialoqu yüksək qiymətləndiririk" - MÜSAHİBƏ

Latviya XİN başçısı: "Biz Azərbaycanla açıq və konstruktiv siyasi dialoqu yüksək qiymətləndiririk" - MÜSAHİBƏ Edqars Rinkeviçs: "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilməlidir"
Xarici siyasət
10 Fevral , 2017 12:21
Latviya XİN başçısı: Biz Azərbaycanla açıq və konstruktiv siyasi dialoqu yüksək qiymətləndiririk - MÜSAHİBƏ

Bakı. 10 fevral. REPORT.AZ/ Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin "Report"a müsahibəsi

- Azərbaycana səfərinizin məqsədi nədir? Hansı məsələlər müzakirə olunacaq?

- Fevralın 12-14-də Azərbaycana rəsmi səfər edəcəyəm. Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşməyi planlaşdırıram.

Səfər zamanı əsas müzakirə mövzusu Latviya və Azərbaycan arasındakı ikitərəfli münasibətlər, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər, eləcə də beynəlxalq gündəmdə duran məsələlər olacaq.

- Latviya prezidentinin yazda Azərbaycana edəcəyi səfərin detalları da müzakirə olunacaq?

- Təbii ki, Latviya prezidenti Raymonds Veyonisin Azərbaycana işgüzar səfəri və onun Qlobal Bakı Forumunda iştirakı məsələləri də müzakirə olunacaq.

- İki ölkə arasındakı siyasi və iqtisadi əlaqələri necə qiymətləndirirsiniz? Ticarət əməkdaşlığının səviyyəsi sizi qane edirmi?

- Latviya Azərbaycanla açıq və konstruktiv siyasi dialoqu yüksək qiymətləndirir. Prezidentlərin, parlamentarilərin və müxtəlif nazirliklərin rəhbərlərinin müntəzəm əlaqə yaratması iki ölkə arasındakı dialoqun intensivliyini göstərən faktdır.

Hesab edirəm ki, əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük potensial var, xüsusilə də iqtisadiyyat və ticarət sahəsində. Son dövrlərin ticarət dövriyyəsi ölkələrimiz arasındakı real iqtisadi potensialı əks etdirmir və ikitərəfli iqtisadi əlaqələrin təşviq edilməsində hələ istifadə olunmamış potensialın qaldığını düşünürük. İqtisadiyyat, sənaye, elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya iqtisadi əlaqələrin inkişafı üçün səmərəli alət kimi istifadə oluna bilər. Keçən ilin iyun ayında keçirilən son iclas uğurlu olub.

- Azərbaycan-Latviya əməkdaşlığının hansı sahələrini daha perspektivli hesab edirsiniz?

- Siyasi, mədəni və iqtisadi sahələrdə yaxşı əməkdaşlığımız var. Sıx iqtisadi əməkdaşlıq üçün perspektivli sahələr kimi əczaçılıq, qida sənayesi, eləcə də metallurgiya, "yaşıl" texnologiyalar, kənd təsərrüfatı, tikinti, turizm və təhsil sahəsini nəzərdən keçiririk.

- Ölkəniz "Şimal-Cənub" nəqliyyat layihəsində Azərbaycanla necə əməkdaşlıq etmək niyyətindədir? Latviyanın "Zubr" nəqliyyat layihəsinin "Şimal-Cənub" dəhlizinə qoşulması üçün perspektiv görürsünüzmü?

- Latviya Asiya və Mərkəzi Asiya ilə Qara dəniz və Şimali Avropa ölkələri arasındakı nəqliyyat arteriyalarında Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Nəqliyyat Nazirliyi və Latviyanın digər institutları "Zubr" layihəsi ilə bağlı azərbaycanlı həmkarları ilə sıx əlaqədədirlər.

- Azərbaycan Avropa İttifaqı ilə strateji əməkdaşlıq haqqında yeni saziş üzrə danışıqlara başlamağa hazırlaşır. Bu prosesdə və Aİ ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələsində Latviya tərəfinin töhfəsi nə olacaq?

- Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin möhkəmlənməsini ciddi dəstəkləyən ölkə kimi Latviya "Şərq Tərəfdaşlığı" çərçivəsindəki əməkdaşlığın davam etdirilməli olduğuna inanır. "Şərq Tərəfdaşlığı"nın Riqa sammitinin qərarlarınının həyata keçirilməsi üzrə işlərə diqqət artırmaq və Brüsseldə keçiriləcək sammitə hazırlıqlar görmək vacibdir. Latviya Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqların başlanmasını alqışlayır.

- Azərbaycan fevralın 26-də Xocalı faciəsinin növbəti ildönümünü qeyd edəcək. Latviyanın bu faciəyə və Dağlıq Qarabağ münaqişəsinə dair münasibəti necədir? Parlament və ya Latviyanın digər institutları tərəfindən bu faciənin tanınması ilə bağlı hansısa addımlar gözlənilir?

- Latviya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında yalnız sülh yolu ilə həll edilməli olduğunu düşünür. Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupu 2015-ci il fevralın 25-də Xocalı faciəsi ilə bağlı bəyanat qəbul edib.

Son xəbərlər

Orphus sistemi