Beynəlxalq Miqrasiya Təşkilatı baş direktorunun müavini Azərbaycana gəlib

Beynəlxalq Miqrasiya Təşkilatı baş direktorunun müavini Azərbaycana gəlib Bakı. 7 mart. REPORT.AZ/ Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) baş direktorunun müavini Laura Tomson Azərbaycana gəlib.
Xarici siyasət
7 Mart , 2018 14:42
Beynəlxalq Miqrasiya Təşkilatı baş direktorunun müavini Azərbaycana gəlib

Bakı. 7 mart. REPORT.AZ/ Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) baş direktorunun müavini Laura Tomson Azərbaycana gəlib. 

Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

L.Tomsonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər qərənfillər düzüblər.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov L.Tomsonla görüşüb. 

Xidmət rəisi ölkəmiz haqqında ümumi məlumat verərək diqqətə çatdırıb ki, bu gün Azərbaycan Cənubi Qafaqzda ən güclü və strateji əhəmiyyətə malik dövlətidir. O, bildirib ki, Azərbaycanda nəhəng enerji layihələrinin icrası ilə yanaşı respublikamızda qeyri-neft sektoruna böyük sərmayələr yatırılmaqdadır. F.Nəbiyev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlərin, aparılan islahtaların nəticəsidir ki, Davos İqtisadi Forumunun dərc etdiyi sonuncu hesabatda iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti indeksində Azərbaycan 35-ci yerdə qərarlaşıb. Respublikamız bu göstərici üzrə MDB ölkələri arasında birincidir.

Xidmət rəisi qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və onun ağır nəticələrinə baxmayaraq, ölkəmiz bütün potensialını səfərbər edərək demokratik inkişaf yolunda böyük uğurlar əldə etməkdədir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin daha da inkişafı istiqamətində mühüm və qətiyyətli addımlar atılmaqdadır.

Dünyada baş verən miqrasiya proseslərindən bəhs edən xidmət rəisi deyib ki, son zamanlar münaqişələrin sayının və coğrafi məkanının genişlənməsi, qaçqın və məcburi köçkünlərin sayının sürətlə artması halları narahatedici faktorlardandır: "Əlbəttə, hadisələrin bu cür cərəyan etməsi və getdikcə beynəlxalq birliyin təsir dairəsindən kənara çıxması dünyada qarşısı alınmaz xaotik vəziyyətə və böyük faciələrə səbəb ola bilər". O, 2016-cı ilin sentyabrında BMqT-nin BMT ailəsinə rəsmən qoşulmasının və BMT Baş Assambleyası çərçivəsində dünyada davam edən qaçqın və miqrant axınlarının idarə edilməsində beynəlxalq ictimaiyyətin səylərinin gücləndirilməsi məqsədilə qəbul edilmiş “Qaçqınlara və miqrantlara dair Nyu-York Bəyannaməsi"nin dünya üçün əhəmiyyətindən danışıb.

Bildirib ki, Azərbaycan hökuməti öz doğma yerlərini tərk etmiş insanların bütün problemlərinin həll edilməsində səylərini əsirgəmir. Onların məşğulluq, təhsil, yaşayış, tibbi və sosial təminat ilə əlaqədar tədbirlər mərhələli qaydada uğurla həyata keçirilir. Məcburi köçkünlәr üçün yüzə yaxın müasir qәsәbә salınıb, yüz minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb və bu proses bu gün də davam etdirilir. Lakin əsas problem ərazilərin işğaladan azad edilməsi, münaqişənin həllidir ki, o da Ermənistanın destruktiv mövqeyi nəticəsində bu vaxtadək həllinin tapmayıb.

F.Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında da geniş məlumat verib. Bildirib ki, DMX fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və yüksək humanizm prinsipləri əsasında quraraq, aidiyyəti dövlət qurumları ilə birlikdə fəaliyyət göstərir, miqrasiya sahəsində bu orqanların fəaliyyətini əlaqələndirir. Xidmət “bir pəncərə” prinsip üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyat keçirir.

Qanunsuz miqarsiyaya qarşı mübarizədən söhbət açan xidmət rəisi bildirib ki, 2015-ci ildən qeyri-ieqal yollarla Avropaya miqrant kanalı təşkil etmək istəyən 10-a yaxın dəstə aşkar olunaraq, qarşısı alınıb. Son dövlər isə bununla bağlı daha ciddi işlər aparılır və bu istiqamətdə aidiyyəti hüquq mühafizə və prokurorluq orqanları ilə birgə qanunsuz miqrasiya kanallarının qarşısının alınması üçün tədbirlər görülür.

Görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) və bir sıra ölkələrlə icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında sazişlərin icrası istiqamətində görülən işlərdən söhbət açılıb. Readmissiyası sazişi çərçivəsində Aİ üzvü olan dövlətlərlə icra protokollarının razılaşdırılması və imzalanması işinin sürətləndirilməsinin vacibliyi qeyd edilib.

Beynəlxalq Miqrasiya Təşkilatı baş direktorunun müavini Laura Tomson səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib. Ölkəmizə səfərindən mənunluğunu ifadə edib.

Son xəbərlər

Orphus sistemi