BƏƏ-də 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

BƏƏ-də 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib Ölkənin “Əl-Fəcr” qəzetində səfir Daşqın Şikarovun geniş məqaləsi dərc olunub
Xarici siyasət
19 Yanvar , 2017 23:15
BƏƏ-də 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin və baş konsulluğunun birgə təşkilatçılığı ilə səfirliyin inzibati binasında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

Diplomatik nümayəndəlikdən “Report”a verilən məlumata görə, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən səfir Daşqın Şikarov vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik və azadlıq uğrunda dinc mübarizəsinin qətiyyətliyini və dönməzliyini daha da möhkəmləndirdi.

20 Yanvar qırğınının səbəblərinə və təfərrüatlarına, eləcə də onu müşayiət edən erməni təcavüzünün ilk işartılarına dərindən nəzər salan səfir bütün bunların birlikdə Azərbaycan xalqına qarşı əvvəlcədən qurulmuş bir ssenari olduğunu xüsusilə qeyd edib.

Daha sonra çıxış edən Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə 1990-cu ilin 20 yanvar tarixinin Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi olduğunu, bu günün respublikamızın mübarizlik, qəhrəmanlıq salnaməsi, azərbaycanlı birliyinin, vətənsevərliyin təcəssümü olduğunu diqqətə çatdırıb.

Baş konsul müasir tariximizin şanlı səhifəsi olan 20 Yanvarın heç vaxt unudulmayacağını, nəsillər bir-birini əvəz etdikcə, yeni Azərbaycan gəncliyi formalaşdıqca bu faciənin daha çox xatırlanmalı, yad edilməli olmasının əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, 20 Yanvar hadisələri ilə əlaqədar BƏƏ-nin “Əl-Fəcr” qəzetində səfir Daşqın Şikarovun geniş məqaləsi dərc olunub.

Son xəbərlər

Orphus sistemi