​Baş prokuror Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

​Baş prokuror Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb Görüşdə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub
Xarici siyasət
24 Fevral , 2015 18:28
​Baş prokuror Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov Bakıda səfərdə olan Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin Avropaya inteqrasiya proseslərinə fəal qoşulduğu vurğulanıb, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub.

Baş prokuror ölkənin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, o cümlədən prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin həyata keçirilməsi və köklü islahatların aparılması, şəffaflığın təmin edilməsi barədə ətraflı məlumat verib.

Ölkədə korrupsiyaya qarşı genişmiqyaslı mübarizə aparıldığını bildirən Zakir Qaralov Azərbaycanın bu sahədə beynəlxalq konvensiyalara qoşulduğunu, qanunvericiliyin təkmilləşdirildiyini vurğulayıb, həmçinin “ASAN” xidmət mərkəzlərinin səmərəli fəaliyyətini qeyd edib. Eyni zamanda, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verilərək ötən il ərzində bu sahədə iki mötəbər beynəlxalq tədbirin Bakıda keçirildiyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunan baş prokuror fevralın 26-da Xocalı soyqırımının 23-cü ildönümünün tamam olmasını qeyd edərək beynəlxalq birlik tərəfindən bəşəriyyət əleyhinə olan bu cinayətə hüquqi qiymət verilmədiyini xüsusi vurğulayıb, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasının zəruriliyi və bunu tələb edən BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının olduğu, eyni zamanda, bir milyondan artıq qaçqın və məcburi köçkünün konstitusion hüquqlarının bərpası istiqamətində səylərin artırılmasının vacibliyini qonaqların diqqətinə çatdırıb.

Azərbaycana olan səfərindən məmnunluğunu ifadə edən Stavros Lambrinidis Bakıya səfəri çərçivəsində bu cür görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Təmsil etdiyi qurumla ölkəyə arasında əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar olduğunu deyən qonaq Avropa İttifaqının Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib.

Daha sonra tərəfləri maraqlandıran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi