Baş nazirin müavini Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazirin müavini Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb Səfir: "Koreya azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət verir"
Xarici siyasət
6 Oktyabr , 2015 17:57
Baş nazirin müavini Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İni səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə "Report"a dövlət komitəsindən məlumat verilib. 

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.

Ə.Həsənov bütün sahələr üzrə ölkələr arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıraraq münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı istər Koreyanın Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də Koreyanın Bakıdakı səfirliyinin həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırıb.

İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən baş nazirin müavini səfir Çoi Suk İnin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə keçirilən çoxlu sayda tədbirlərin xalqların daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb.

Görüşdə Koreya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu önə çəkən baş nazirin müavini Əli Həsənov son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayaraq hökumətlərarası münasibətlərin bundan sonra da davam və inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Ə.Həsənov diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlıq məsələlərindən danışan səfir Çoi Suk İn gələcəkdə daha çox Koreya şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib.

Sonda səfir Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi