Bakıda “Müasir Dövlət Qulluğu: yeni paradiqmalar, innovasiyalar və təcrübələr” adlı beynəlxalq konfrans keçirilib

Bakıda “Müasir Dövlət Qulluğu: yeni paradiqmalar, innovasiyalar və təcrübələr” adlı beynəlxalq konfrans keçirilib Konfrans BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil edilib
Xarici siyasət
5 İyun , 2017 11:42
Bakıda “Müasir Dövlət Qulluğu: yeni paradiqmalar, innovasiyalar və təcrübələr” adlı beynəlxalq konfrans keçirilib

Bakı. 5 iyun. REPORT.AZ/ Bakıda dövlət qulluğunda hazırkı vəziyyəti müzakirə, bu sahədə təcrübənin və ən yaxşı modellərin mübadiləsini təşkil etmək məqsədilə beynəlxalq konfrans keçirilib.

BMT-nin Bakı ofisindən verilən məlumata görə, tədbir BMT-nin İnkişaf Proqramı (BMTİP), Avropa İttifaqı (Aİ) və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən təşkil edilib.

Konfransda Prezident Administrasiyası, Nazirlər Kabineti, 12 nazirlik, 3 dövlət xidməti, 3 dövlət komitəsi, Heydər Əliyev Fondu, məhkəmə orqanları, 40-a yaxın rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.

Dövlət xidmətlərinin təkmilləşdirilməsi və mövcud beynəlxalq təcrübələr, təlim təsisatlarının münasib strategiya və qaydalarının inkişafında rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin dövlət qulluğuna qlobal təsiri kimi mövzularını əhatə edəcək iki-günlük konfrans “Müasir Dövlət Qulluğu: yeni paradiqmalar, innovasiyalar və təcrübələr” adı altında keçirilib.

Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ölkədə dövlət qulluğu sistemində əldə edilən inkişaf barədə iştirakçıları məlumatlandırıb. 

“Konfrans və birgə layihə çərçivəsində həyata keçirilən tədbirlər Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə uyğun gəlir və Azərbaycanda səmərəli dövlət qulluğu institutunun formalaşmasına yardım edəcək”, -deyə U.Ələkbərov vurğulayıb. 

BMT Rezident Əlaqələndiricisi və BMTİP Rezident nümayəndəsi Qulam M.İshaqzai Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasında dövlət qulluqçularının mühüm rol oynadıqlarını vurğulayıb: “Dövlət qulluğu ölkədə qürur və fəxr mənbəyi olmalıdır. Texniki cəhətdən səmərəli və effektiv, eləcə də geniş əhali təbəqələrinin ehtiyaclarına cavab verən siyasətlərin hazırlanmasında peşəkar dövlət qulluqçuları əsas rol oynayır”.

Qeyd edək ki, konfrans Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dövlət İdarəçilik Akademiyası ilə birgə həyata keçirilən “Azərbaycan Respublikasında Dövlət Qulluğu Təlimlərinə Dəstək” adlı BMTİP layihəsinin bağlanış tədbiridir. Layihə çərçivəsində dövlət qulluqçularının təliminin əlaqələndirilməsində, eləcə də dövlət orqanları və digər təlim mərkəzlərinə metodoloji yardımın təmin edilməsində mühüm rol oynayacaq təlim mərkəzi yaradılıb və təchiz edilib.

Layihə həmçinin dövlət qulluqçuları üçün yeni tədris metodlarının təqdimatına və təkmilləşdirilməsinə aid bir sıra hədəflərə nail ola bilib. Həmçinin, 30-dan çox təlim modulları hazırlanıb, Dövlət İdarəçilik Akademiyasının təlimçilərinə təqdim edilib, akademiyada yerləşən Təlim Mərkəzlərinin binaları tam təchiz edilib, müvafiq tematik sahələr üzrə 200-dən çox kitab və nəşrdən ibarət Kitabxana və Resurs Mərkəzi təsis olunub. 

Son xəbərlər

Orphus sistemi