Bakıda Gürcüstanın milli bayramı qeyd edilib

Bakıda Gürcüstanın milli bayramı qeyd edilib Bakı. 25 iyun. REPORT.AZ/ Gürcüstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə iyunun 25-də rəsmi qəbul təşkil edib.
Xarici siyasət
25 İyun , 2018 20:11
Bakıda Gürcüstanın milli bayramı qeyd edilib

Bakı. 25 iyun. REPORT.AZ/ Gürcüstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə iyunun 25-də rəsmi qəbul təşkil edib.

"Report" xəbər verir ki, qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Daha sonra Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib.

O, iki dost ölkənin eyni vaxtda müstəqillik əldə etməsinin rəmzi xarakter daşıdığını söyləyib: "Hər iki respublikanın müstəqilliklərini məhz Tbilisidə elan etməsi də rəmzi xarakter daşıyan hadisədir. Bütün çətinliklərə baxmayaraq, hər iki ölkə müasir, güclü dövlət yaratdı, regionun parlaq gələcəyini birgə qurur. Gürcüstan ən yaxın qonşusu, dostu və strateji trəəfdaşı olan Azərbaycanın dəstəyini daima hiss edib və bu gün də hiss edir. Biz bir-birimizi daha yaxşı anlayırıq. Biz 9 aprel və 20 Yanvar kimi eyni faciələrlə üzləşdik".

T.Şaraşenidze həmçinin hər iki ölkənin ərazi bütövlüyünün pozulduğunu da diqqətə çatdırıb: "Lakin biz hazırda iri beynəlxalq əhəmiyyətli nəqliyyat və energetika layihələrinə imza atmışıq. Əminəm ki, bu əlaqələr daha da dərinləşəcək, iki ölkəyə rifah və Cənubi Qafqaz regionuna sülh və sabitlik gətirəcək".

Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycanla Gürcüstan arasında qarşılıqlı etimad əsasında qurulmuş sıx əlaqələr mövcuddur: "Bu əlaqələr hər iki ölkənin qüdrətini artırır və gələcək planları reallaşdırmaq üçün geniş fürsətlər açır. Azərbaycan və Gürcüstan münasibətləri tam səmimi dostluq münasibətləridir. Bu əlaqələr Cənubu Qafqazda sabitliyin, təhlükəsizliyin ən möhkəm qarantıdır".

Tədbir konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi