Bakıda Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakıda Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib Səfir: "Azərbaycan və Ukrayna beynəlxalq arenada həmişə bir-birini dəstəkləyir"
Xarici siyasət
6 Fevral , 2017 13:03
Bakıda Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı. 6 fevral. REPORT.AZ/ Ukraynanın Azərbaycandakı səfirliyində iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

"Report" xəbər verir ki, tədbiri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko açıb. Azərbaycan-Ukrayna münasibətlərindən danışan səfir iki ölkənin beynəlxalq arenada həmişə bir-birinə dəstək olduğunu bildirib.

Səfir həmçinin rəsmi şəxslərin keçən il reallaşan səfərlərini xatırladıb: "Bu il də müxtəlif səfərlər və tədbirlər gözlənilir. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə səfər edəcəyini gözləyirik. Hazırda tərəflər səfər tarixinin müəyyən edilməsi üzərində işləyir. Həmçinin, Bakıda hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının keçirilməsini və fevralın 19-da Ukrayna parlamentarilərinin səfərini gözləyirik".

A.Mişenko Ukraynadakı Azərbaycan diasporunun gördüyü işlərdən də danışıb: "Ukraynada 500 min azərbaycanlı yaşayır və onlar ölkənin həyatında çox fəaldırlar".

Səfir iki ölkə arasında iqtisadi layihələr haqqında da danışıb: "Prezidentlərimiz görüşən zaman həmişə iqtisadi layihələri müzakirə edirlər. Azərbaycanın Ukraynadakı vizit kartı SOCAR yanacaqdoldurma stansiyalarıdırsa, biz də bu il farmakoloji məhlul zavodunun əsasını qoyacağımıza ümid edirik. Eyni zamanda, "An" təyyarələrinin istehsal xəttinin yaradılması barədə saziş var".

Qeyd edək ki, tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin, Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri, ictimai və siyasi təşkilatların rəhbərləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi