Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin mövcud səviyyəsi müzakirə olunub

Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin mövcud səviyyəsi müzakirə olunub Elmar Məmmədyarov Aİ-nin Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devin ilə görüşüb
Xarici siyasət
14 İyun , 2017 18:15
Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin mövcud səviyyəsi müzakirə olunub

Bakı. 14 iyun. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti raundu çərçivəsində Azərbaycanda səfərdədir.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər əsnasında nazir Elmar Məmmədyarov Lyuk Devin ilə görüşüb. Tərəflər saziş layihəsi üzrə danışıqların konstruktiv və intensiv şəkildə aparılmasından məmnunluq ifadə ediblər və danışıqların bu mərhələsində əsasən siyasi və ticarət məsələlərinin müzakirə olunduğu qeyd olunub.

Qarşılıqlı anlaşma şəraitində keçirilən danışıqlar nəticəsində tərəfdaşlığa dair saziş layihəsi bu ilin sonunda keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin zirvə toplantısına qədər yekunlaşdırılacağına ümidvarlıq ifadə olunub.

Görüşdə Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsi və perspektiv inkişaf istiqamətləri barəsində fikir mübadiləsi aparılıb. Bu günlərdə keçirilmiş Azərbaycan-Avropa İttifaqı Biznes Forumunun iqtisadiyyat, ticarət və investisiyalar sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı vurğulanıb.

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının Komissarı Cohannes Hannın iyunun 16-da Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, xüsusilə nəqliyyat, ticarət, uzlaşma (connectivity) və başqa sahələr üzrə ətraflı müzakirələrin aparılacağına əminlik ifadə olunub.

Həmçinin görüş zamanı tərəflər regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi, Aİ tərəfindən həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi