Bakıda Avropa Şurası və Avropa İttifaqının növbəti iki il üçün Azərbaycanla bağlı layihələri təqdim olunub

Bakıda Avropa Şurası və Avropa İttifaqının növbəti iki il üçün Azərbaycanla bağlı layihələri təqdim olunub Avropa Şurası Bakı ofisinin rəhbəri: "Bu layihələrin reallaşdırılması əməkdaşlığın effektivliyinin yüksəkdilməsinə xidmət edəcək"
Xarici siyasət
27 Oktyabr , 2015 10:40
Bakıda Avropa Şurası və Avropa İttifaqının növbəti iki il üçün Azərbaycanla bağlı layihələri təqdim olunub

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakıda Avropa Şurası və Avropa İttifaqının növbəti iki il ərzində "Şərq Tərəfdaşlığı" ölkələri və Azərbaycanda həyata keçirəcəyi bir sıra layihələrin təqdimatı keçirilib. "Report" xəbər verir ki, Avropa Şurası Bakı ofisinin rəhbəri Draqan Filipoviç tədbiri giriş nitqi ilə açaraq dəstəyə və layihələrin reallaşdırılması üçün əməkdaşlığa hazır olduğuna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

D.Filipoviçin sözlərinə görə, 2015-2017-ci illərdə Azərbaycanda "Proqramlı əməkdaşlıq haqqında" çərçivə sazişi əsasında həyata keçiriləcək dörd layihənin əsas məqsədi KİV azadlığının və ifadə azadlığının genişləndirilməsi, inzibati orqanlarda rüşvətxorluqla mübarizə və rüşvətxorluğun qarşısını alma imkanlarının gücləndirilməsi, Ədliyyə Akademiyasının rolunun və imkanlarının artırılması, hakimlərə təhsil verilməsi, habelə Azərbaycanda ədliyyə xidmətlərinin səmərəsi və keyfiyyətinin yüksəldilməsinə həsr olunan xüsusi layihənin həyata keçirilməsidir.

Avropa Şurası Bakı ofisinin layihələrin reallaşdırılmasını belə xarakterizə edib: "Bu layihələrin reallaşdırılması əməkdaşlığın effektivliyinin yüksəkdilməsinə xidmət edəcək. Eləcə də bütövlükdə region üçün bu çox önəmlidir. Bu layihələrin reallaşdırılması Azərbaycanla dialoqun aparılmasına yardım etməyə və Avropa standartlarına uyğunlaşmağa imkan yaradacaq".

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə öz növbəsində Aİ-nin Azərbaycanla uzunmüddətli əməkdaşlığa can atdığını bildirib.

4,7 milyon avro dəyərində olan layihələr Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilir və Avropa Şurası tərəfindən həyata keçirilir. Bu layihələrdən əlavə, Azərbaycan həm də bir neçə ölkəni əhatə edən 14 regional təşəbbüsdə iştirak edir.

Son xəbərlər

Orphus sistemi