Yuxarı

Bakıda 41-ci Ümumdünya Skaut konfransı başlayıb

Bakıda 41-ci Ümumdünya Skaut konfransı başlayıb

3171

Tədbirə dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən çox skaut qatılıb

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün Bakıda 41-ci Ümumdünya Skaut konfransı başlayıb. 

"Report"un məlumatına görə, Bakı Konqres mərkəzində baş tutan tədbir Ümumdünya Skaut Hərəkatı Təşkilatları Assosasiyasının təşkilatçılığı və Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

Dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən çox skautun qatıldığı tədbirdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli rəsmilər iştirak edirlər.

Qeyd edək ki, 2014-cü ilin avqustun 6-da Azərbaycan Ümumdünya Skautlar Konfransına və Gənc Skautlar Forumuna ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Gərgin mübarizə şəraitində keçən ev sahibliyi uğrunda yarışı Azərbaycan qazanıb.13-cü Gənc Skautlar Forumunun direktoru Nərgiz Balakişiyevanın sözlərinə görə, Azərbaycanın rəqibi tarixi skaut ənənələri olan güclü Malayziyanı 3 il əvvəl Sloveniyada keçirilən konfransda qabaqlayaraq ev sahiliyi hüququna yiyələnib.

41-ci Ümumdünya Skaut konfransının gündəliyinə skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətin formalaşdırılması və qarşıdakı dövr üçün rəhbər orqanlara seçkilərin keçirilməsi daxildir. Konfransda həmçinin yeni ölkələrin qəbulu mərasimi, Cambori Ümumdünya Skaut toplantısı, Ümumdünya Skaut Konfransı və Gənc Skautlar Forumu da daxil olmaqla skautlar üçün tədbirlər keçiriləcək və bunun üçün məkanlar müəyyənləşdiriləcək. 

Konfrans çərçivəsində Azərbaycanın regionlarına müxtəlif turlar, həmçinin “Mədəniyyətlə tanışlıq gecələri” təşkil olunacaq. Burada hər bir iştirakçı ölkənin nümayəndələri özlərinin mədəniyyəti və tarixi müxtəliflikləri ilə bağlı nümunələri bölüşəcək, milli geyim, mətbəx, musiqi və rəqslər nümayış olunacaq.

Qeyd edək ki, 13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı, miqyasına və iştirakçıların sayına görə, skautların Avrasiya bölgəsində keçirdikləri ən böyük, müsəlman dünyasında isə ikinci tətbirdir.

Xatırladaq ki, 2000-ci ildən etibarən Dünya Skautlar Hərəkatı Təşkilatında Azərbaycanı İlyas İsmayıllının rəhbərliyi altında Azərbaycan Skautlar Assosasiyası təmsil edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi