Yuxarı

Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında strateji və iqtisadi forum Bakıda keçiriləcək

Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında strateji və iqtisadi forum Bakıda keçiriləcək
Forum bu ilin birinci yarısında baş tutacaq

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu ilin birinci yarısında Azərbaycan Respublikası və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzv ölkələri arasında Bakı şəhərində strateji və iqtisadi forumun keçirilməsi nəzərdə tutulur.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, forumun məqsədi iqtisadiyyat, ticarət, sərmayələr, enerji, turizm, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, nəqliyyat, mədəniyyət və idman kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə layihələrin müəyyən edilməsi və biznes dairələri arasında birbaşa təmasların təşviq edilməsidir.

Tədbirdə Azərbaycan və KƏŞ üzv dövlətlərinin yüksək vəzifəli rəsmiləri, müvafiq olaraq xarici işlər, iqtisadiyyat, ticarət və sənaye nazirlikləri, ticarət palataları, iş adamları, özəl şirkətləri, suveren fondları və maliyyə-investisiya korporasiyalarının nümayəndələrinin geniş tərkibdə iştirakı nəzərdə tutulur. Forumun təşkili ilə əlaqədar məsələlərin müzakirəsi məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti 2016-cı ilin dekabrında KƏŞ-in Ər-Riyadda yerləşən mənzil-qərargahına səfər edib və görüşlər keçirib.

Azərbaycan və KƏŞ arasında təsisatlanmış əməkdaşlığın əsasını 2013-cü ilin iyununda Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Körfəz Əməkdaşlıq Şurasının Baş katibliyi arasında imzalanmış Məsləhətləşmələr Mexanizmi haqqında Anlaşma Memorandumu təşkil edir. İkitərəfli əsasda Azərbaycan Respublikası ilə Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında əməkdaşlıq və qarşılıqlı anlaşmaya əsaslanan ənənəvi dostluq münasibətləri mövcuddur.

"Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ilin “Azərbaycanda İslam Həmrəyliyi İli” elan etməsi, ölkəmizin İslam Həmrəyliyi oyunlarına ev sahibliyi, son illər ərzində KƏŞ üzv dövlətləri ilə Azərbaycan arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, tərəflərin əlaqələrin inkişafı naminə nümayiş etdirdikləri siyasi iradə, turizm və insanlararası təmasların artması əməkdaşlığın inkişafı üçün yeni əlverişli imkanlar yaradır.

Azərbaycan və KƏŞ üzv ölkələri arasında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan strateji və iqtisadi forum hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcək", - XİN-dən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi