Azərbaycanın Koreyadakı səfirinə “İlin Səfiri” mükafatı təqdim edilib

Azərbaycanın Koreyadakı səfirinə “İlin Səfiri” mükafatı təqdim edilib Mükafat Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə təsis olunub
Xarici siyasət
21 Sentyabr , 2017 14:30
Azərbaycanın Koreyadakı səfirinə “İlin Səfiri” mükafatı təqdim edilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurova Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə keçirilmiş təntənəli mərasimdə “İlin Səfiri” mükafatı təqdim edilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, BMT-nin sabiq baş katibi Pan Gi Mun və Asiya Cəmiyyəti Koreya təşkilatının İdarə Heyətinin üzvü Çarls Rokfellerin əsas məruzəçilər qismində çıxış etdikləri və Asiya Cəmiyyəti Koreya təşkilatının sədri Şin Donq-bin, Koreyanın sabiq baş naziri Li Honq-ku, Koreya xarici işlər nazirinin müavini Lim Sunq-nam, ictimai-siyasi xadimlər, Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Koreyada fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri və KİV nümayəndələrinin qatıldıqları tədbirdə Heydər Əliyev Fondu tərəfində hazırlanmış Azərbaycanın mədəniyyəti, tarixi abidələri, turizm guşələri və adət-ənənələrindən bəhs edən videorolik nümayiş olunub.

Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə təsis olunan “İlin Səfiri” mükafatına Azərbaycanın Koreyadakı səfiri ilə yanaşı, Hindistan və Küveytin Koreyadakı səfirləri də layiq görülüblər.

Qeyd edək ki, 2008-ci ildə qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş Asiya Cəmiyyəti Koreya təşkilatı, baş qərargahı Nyu York şəhərində yerləşən və 1956-cı ildə III Con D.Rokfeller tərəfindən əsası qoyulmuş Asiya Cəmiyyətinin Koreya ofisidir. "Lotte" Şirkətlər Qrupunun sədri Şin Donq-binin rəhbərlik etdiyi Asiya Cəmiyyəti Koreya ofisinin üzvləri, əsasən, Koreya şirkətlərinin nümayəndələri və ictimai-siyasi xadimlərdən ibarətdir. Davos Dünya İqtisadi Forumunun keçmiş vitse-sədri Cozette Şiranın rəhbərlik etdiyi Asia Cəmiyyəti təşkilatının Seul ilə yanaşı, Honq-Konq, Manila, Mumbay, Şanxay, Sidney və Sürixdə də ofisləri fəaliyyət göstərir.  

Son xəbərlər

Orphus sistemi