Yuxarı

Pan Gi Mun: "Azərbaycanın dünyada sülhün bərqərar olmasına verdiyi töhfələr təqdirəlayiqdir"

Pan Gi Mun: "Azərbaycanın dünyada sülhün bərqərar olmasına verdiyi töhfələr təqdirəlayiqdir"
Milli Məclisdə BMT-nin keçmiş baş katibi ilə görüş keçirilib

Bakı. 15 avqust. REPORT.AZ/ Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Birləşmiş Millətlər Təşkilatının sabiq baş katibi Pan Gi Mun və Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatından ibarət nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, vitse-spiker Valeh Ələsgərov səfərin uğurlu keçəcəyinə və qarşıya qoyulan məqsədə nail olacaqlarına əminliyini bildirib.

BMT-nin sabiq baş katibi Pan Gi Mun Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Koreya nümayəndə heyətinə başçılıq etdiyini söyləyib. Diqqətə çatdırılıb ki, 2020-ci ildə Koreyada Skaut Hərəkatının başlamasının 100 illiyi qeyd olunacaq. Qonaq 2022-ci ildə Skaut Konfransının Koreyada keçirilməsi üçün Azərbaycanın dəstəyinə inamını ifadə edib.

Pan Gi Mun bildirib ki, bu il Azərbaycanla Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur, bununla bağlı müxtəlif tədbirlər keçirilir. O, BMT-nin baş katibi olduğu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladıb. Ölkəmizin dünyada sülhün bərqərar olmasında verdiyi töhfələri təqdir edib və təşəkkürünü bildirib.

Pan Gi Mun ilk dəfə Azərbaycanda 2006-cı ildə olduğunu, ötən müddət ərzində ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb, əldə edilən nailiyyətləri yüksək dəyərləndirib. O, Prezident İlham Əliyevin, Milli Məclisin sədri Oqtay Əsədovun Koreyaya səfərləri barədə fikirlərini bildirib.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının böyük hadisə olduğunu deyib. Diqqətə çatdırılıb ki, cari ilin dekabr ayında Azərbaycanda Skaut Hərəkatının 20 illiyi qeyd olunacaq. O, konfransın yüksək səviyyədə təşkil olunmasını xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, siyasi, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi