Azərbaycanın Bolqarıstandakı səfiri bu ölkənin Kırcaalı vilayətinə səfər edib

Azərbaycanın Bolqarıstandakı səfiri bu ölkənin Kırcaalı vilayətinə səfər edib Müzəkki Əhmədlə görüşdə 1918-ci ilin 31 martında ermənilərin azərbaycanlılara qarşı soyqırımı barədə məlumat verib
Xarici siyasət
3 Aprel , 2017 06:33
Azərbaycanın Bolqarıstandakı səfiri bu ölkənin Kırcaalı vilayətinə səfər edib

Sofiya 3 aprel. REPORT.AZ/ Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin Kırcaalı vilayətinə səfər edib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, səfər çərçivəsində səfir vilayətin qubernatoru Naço Kovaçev və bələdiyyə sədri Həsən Əzizlə görüşüb, “Kırcaalı Haber” qəzetinin ofisinə baş çəkib.

Vilayət qubernatoru Naço Kovaçevlə görüşdə Nərgiz Qurbanova bildirib ki, Azərbaycanla Bolqarıstan arasında 25 il öncə qurulan diplomatik əlaqələr bu gün də yüksələn xətlə inkişaf edir. Ölkələrimiz enerji, nəqliyyat, kənd təsərrüfatı, İKT, turzim, şərabçılıq və digər sahələrdə uğurlar əməkdaşlıq edir. 

Kırcaalı vilayətində olduğu kimi Azərbaycanda da müxtəlif dini və etnik mənsubiyyəti olan insanlar qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar. “Multikulturalizm Azərbaycan üçün xarakterikdir, çünki əhalisinin böyük əksəriyyəti İslam dininə ibadət edən ölkədə pravoslav icması da var və məscidlər, sinaqoq və kilsələr yanaşıdır”, - deyə səfir əlavə edib.

Bələdiyyə sədri H.Əzizlə görüşdə Azərbaycan və vilayət arasında iqtisadi sahədə əlaqələrin qurulması və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Kırcaalı ilə Azərbaycanın rayonlarından birinin qardaşlaşması məsələsi də müzakirə edilib.

Diplomat “Kırcaalı Haber” qəzetinin baş redaktoru Müzəkki Əhmədlə görüşündə 1918-ci ilin 31 martında ermənilərin Bakı və digər rayonlarda yerli əhaliyə qarşı törətdikləri soyqırımı barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Kırcaalı vilayətinə səfəri çərçivəsində N. Qurbanova həmçinin İkinci Dünya müharibəsi zamanı Bolqarıstandakı yəhudilərin soyqırımdan xilasının 74-cü ildönümünə həsr olunan beynəlxalq forumda da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi