Yuxarı

Azərbaycanda "Xocalı anaları" təşkilatı yaradıla bilər

Azərbaycanda "Xocalı anaları" təşkilatı yaradıla bilər
© Report/Elchin Murad

Bakı. 23 fevral. REPORT.AZ/ "Ötən il Bosniyada "Böyüməyən uşaqlar" kitabının boşnak dilində təqdimatını keçirdik. Həmin tədbirdə Srebrenitsa soyqırımını bütün dünyaya tanıtmış bu xanımlar da iştirak edirdilər. Onlar həmin vaxt Azərbaycana gəlmək istədiklərini bildirdilər. Təbii ki, biz onların bu təşəbbüsünü xoş qarşıladıq. Bakıya gələn "Srebrenitsa anaları" Xocalı soyqırımının da ortaq dərdimiz kimi dünyaya tanıdılmasına dəstək göstərəcəklərinə söz verdilər".

“Report” xəbər verir ki, bu fikirləri Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı Bosniya və Herseqovinanın “Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyətinin Xocalı abidəsini ziyarəti zamanı jurnalistlərə deyib.

"Onların problemləri dünyaya çıxartmaq üçün müəyyən layihələri də var. İnanıram ki, böyük işlər görüləcək, tədbirlər həyata keçiriləcək. Onların Xocalı soyqırımının 27-ci ildönümündə ölkəmizə gəlib bizə dəstək olması dünya ictimaiyyətinə bir mesajdır. Xocalı soyqırımı təkcə azərbaycanlıların, türklərin deyil, bütün dünyanın dərdidir. Bu istiqamətdə əhəmiyyətli işlər görüləcəyinə əminəm", - deyə o qeyd edib.

E.Eyvazlı vurğulayıb ki, "Azərbaycanda "Srebrenitsa anaları"na oxşar "Xocalı anaları" təşkilat yaradıla bilər: "Onlar hər iki valideynini itirmiş "25-lər"lə görüşdə Xocalıdan olan qadınlardan ibarət təşkilat yaradılmasını təklif etdilər. Bu təşəbbüs müzakirə olundu. Hesab edirəm ki, yaxın vaxtlarda belə bir təşkilat yaradılacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi