Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində Norveçin xarici işlər naziri Borge Brende ilə görüşüb.
Nazirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Norveç əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
B.Brende Norveçin Azərbaycanın Avro-Atlantika təsisatları ilə əməkdaşlığını dəstəklədiyini bildirib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin mövcud vəziyyəti haqqında məlumat verərək, münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın substantiv və nəticə yönümlü danışıqların tərəfdarı olduğunu vurğulayıb.