Yuxarı

Azərbaycan XİN ATƏT-in konfransında səsləndirilən əsassız ittihamlara münasibət bildirib

Azərbaycan XİN ATƏT-in konfransında səsləndirilən əsassız ittihamlara münasibət bildirib

“ATƏT-in Media azadlığı üzrə nümayəndəliyinin Tbilisidə təşkil etdiyi konfransın panellərinin birində Azərbaycanda guya fikir azadlığının məhdudlaşdırılması və jurnalistlərin həbs olunması ilə bağlı bəzi əsassız fikirlər səsləndirildi”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, beynəlxalq tədbirlərdə bir çox hallarda Azərbaycana qarşı təxribat xarakterli və tamamilə əsassız ittihamlar, qarayaxma təşkil olunması meylləri müşahidə edilir: “Belə olan hallarda söyənilən həmin fikirlərə yerindəcə münasibət bildirilir və auditoriya səsləndirilən fikirlərin əsassız olması və faktlara söykənməməsi barədə məlumatlandırılır”.

L.Abdulayeva deyib ki, bugünkü konfrans çərçivəsində Azərbaycanla bağlı səsləndirilən ittihamlarla dolu fikirlər üzrə ölkəni təmsil edən rəsmi nümayəndələr müvafiq açıqlamalar veriblər: “Açıqlamalarda Azərbaycanda istər mətbuat, istərsə də fikir azadlığı sahəsində kifayət qədər önəmli işlərin görüldüyü, mühüm qanunvericilik bazasının mövcud olduğu, eləcə də demokratik inkişafın daha da genişləndirilməsi istiqamətində önəmli islahatların həyata keçirildiyi barədə məlumat təqdim olundu”.

XİN rəsmisi qeyd edib ki, toplantıda bəzi QHT-lər tərəfindən Azərbaycanla bağlı səsləndirilən iddialara da münasibət bildirilib: “QHT nümayəndələrinə auditoriyaya çatdırdıqları məlumatları haradan əldə etmələri və istinad mənbələri ilə bağlı suallar verildi. Bəzi konkret hallarla bağlı Azərbaycanın dövlət qurumlarının rəsmi açıqlamaları olduğu halda nədən onlara istinad olunmaması və kimlərinsə əsassız fikirlərinə istinad edilməsi ilə bağlı suallar da ünvanlandı”.

O əlavə edib ki, hər bir tənqid sağlam olduğu halda xeyirli ola bilər: “Dialoq sağlam şəkildə aparılmalıdır. Əgər məsələlərlə bilavasitə məşğul olan rəsmi dövlət qurumlarının rəyi nəzərə alınmırsa, o zaman hər hansı bir sağlam fikir mübadiləsi və ya dialoqdan söhbət gedə bilməz”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi