Yuxarı

Azərbaycan və Ukrayna prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ukrayna prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

"Report" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Mən sizi bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz iki ölkə arasındakı əlaqələrə çox güclü təkan verəcək. Biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, ikitərəfli gündəlik kifayət qədər genişdir. İndi geniş tərkibdə danışıqlarda biz məsələləri ətraflı müzakirə edəcəyik. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir çox önəmli məsələlər müzakirə olundu, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər. Ənənəvi olaraq energetika, nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam etdirilir. Təkbətək görüşdə biz bu əlaqələrin gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Bir önəmli sahə də kənd təsərrüfatıdır. Biz əvvəlki illərdə Ukraynadan bir çox kənd təsərrüfatı texnikası almışıq. Əlbəttə ki, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər böyük maraq doğurur. Əminəm ki, bu gün keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu biznes dairələri arasındakı əlaqələrə də müsbət təsir göstərəcəkdir. Bir daha xoş gəlmisiniz.

Ukrayna Prezidenti Vladimir Zelenski deyib:

- Möhtərəm cənab Prezident, hörmətli nümayəndə heyəti.

Bir daha hamınıza təşəkkürümü bildirirəm. Bu gün Azərbaycanda ilk rəsmi səfərdə olmağım çox böyük məmnunluq doğurur. Xüsusilə ona görə ki, Azərbaycan bizim üçün çox qonaqpərvər və dost ölkədir.

Cənab Prezident, biz müzakirələrdə münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd etdik. Ancaq düşünürəm ki, Azərbaycan-Ukrayna münasibətlərini növbəti daha yüksək mərhələyə qaldırmağa böyük imkanlar var. Cənab Prezidentlə razılığa gəldik ki, yaxın zamanda Azərbaycandan bir işçi heyət Ukraynaya səfər edəcək və orada bizim bütün şirkət və müəssisələrdə olub imkanları yerində araşdıracaq. Energetika, kənd təsərrüfatı, turizm, infrastrukturun inkişafı sahələri bizim üçün böyük maraq kəsb edir.

Prezident İlham Əliyev: Sağ olun.


*** 11:30

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

"Report"un xəbərinə görə, Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi