Azərbaycan və Estoniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib Estoniyalı iş adamlarına işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı biznes fəaliyyətindən çəkinmələri tövsiyə olunub
Xarici siyasət
1 Aprel , 2015 19:53
Azərbaycan və Estoniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Bakı. 1 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan və Estoniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Estoniyanın Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin baş direktoru Paul Teesalu arasında görüş keçirilib. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Xələf Xələfov Azərbaycan ilə Estoniya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar, xüsusilə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edərək, iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, eləcə də iqtisadi, bərpaolunan enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

Azərbaycan ilə Estoniya arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən razılığını ifadə edən Paul Teesalu iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsində Estoniyada yaşayan və bu ölkənin cəmiyyətinə yaxşı inteqrasiya olunmuş Azərbaycan icmasının rolunu xüsusilə qeyd edib. Azərbaycana sonuncu dəfə 2000-ci ildə gəldiyini bildirən Paul Teesalu, Bakıda müşahidə etdiyi dəyişiklik və inkişaf haqqında xoş təəssüratlarını bölüşüb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Xələf Xələfov, Avropa İttifaqında bu məsələyə münasibətdə ikili standartlara yol verildiyini, sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. Aİ-nın bütün mövcud münaqişələrə münasibətdə vahid yanaşma göstərməsinin zəruriliyini xüsusilə qeyd edən nazir müavini, münaqişənin həllinin yalnız işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə mümkün olduğunu vurğulayıb.

Azərbaycanın Estoniya üçün vacib tərəfdaş olduğunu bildirən qonaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasına dair ölkəmizin mövqeyinin anlaşma ilə qəbul olunduğunu bildirib. Paul Teesalu estoniyalı iş adamlarına işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı biznes fəaliyyətindən çəkinmələrinin tövsiyyə olunduğunu xüsusilə vurğulayıb.

Birinci Avropa Oyunlarının keçirilməsində ölkəmizə uğurlar arzulayan P.Teesalu 50-dək estoniyalı idmançının yarışlarda iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi