Azərbaycan və Çexiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Çexiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib ​Xələf Xələfov Çex Respublikası xarici işlər nazirinin birinci müavini ilə görüşüb
Xarici siyasət
19 May , 2015 17:50
Azərbaycan və Çexiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı. 19 may. REPORT.AZ/ Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Çex Respublikası xarici işlər nazirinin birinci müavini Petr Drulak ilə görüşüb. Görüş Azərbaycan Respublikası və Çex Respublikası Xarici İşlər Nazirlikləri arasında keçirilən növbəti siyasi məsləhətləşmələr çərçivəsində baş tutub. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

X.Xələfov iki ölkə arasında siyasi dialoq mexanizminin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığını qeyd edib.

Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi barəsində danışan X.Xələfov Azərbaycanla Çexiya arasında iqtisadi-ticarət, sərmayələr, kənd təsərrüfatı, səhiyyə, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

Azərbaycan xarici siyasətin qarşısında duran ən vacib məsələnin ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası olduğunu bildirən nazir müavini Ermənistan-Azərbaycan münaqişəsinin bu vaxta kimi həll edilməməsinin və Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinin nəticəsiz qalmasının səbəbinin Ermənistanın danışıqlarda dağıdıcı mövqe tutması olduğunu vurğulayıb. Beynəlxalq birliyin ikili standartlara əsaslanan yanaşmanı kənara qoyaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün Ermənistana qarşı konkret təzyiq göstərməsinin münaqişənin həllinin tezləşdirilməsinə yardımçı olacağını bildirib.

X.Xələfov həmçinin Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətinə toxunaraq, Şərq Tərəfdaşlığına üzv dövlətlərin fərqli inkişaf səviyyəsinin nəzərə alınaraq, üzv dövlətlərə münasibətdə fərdi yanaşmanın göstərilməsinin daha uğurlu olacağını vurğulayıb.

Azərbaycanda ilk dəfə səfərdə olduğunu qeyd edən P.Drulak Bakıda qədim ənənələrin müasirliklə ahənginin xoş təəssüratlar oyatdığını bildirib. Çex Respublikasının regionda ən vacib strateji tərəfdaşının Azərbaycan olduğunu, bu səbəbdən Azərbaycanla münasibətlərin inkişafına və dərinləşdirilməsinə hökuməti tərəfindən xüsusi önəm verildiyini vurğulayıb. Bu baxımdan Çex Respublikasının ənənəvi və alternativ enerji sahələrinin modernləşdirilməsində Azərbaycanla əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. Şəhər nəqliyyatı şəbəkəsi, səhiyyə sahəsində ölkəsinin nümunəvi təcrübəyə malik olduğunu bildirən P.Drulak bu sahələrdə də əməkdaşlığın faydalı olacağını qeyd edib.

Ölkəsində Azərbaycanın geosiyasi mövqeyinin ona qarşı daxili və xarici təhdidlərə yol açması barəsində xəbərdar olduğunu qeyd edən nazir müavini Azərbaycanın əldə etdiyi nailiyyətlərinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi