Azərbaycan və Belarus prezidentləri arasında təkbətək görüş olub - ƏLAVƏ OLUNUB

Azərbaycan və Belarus prezidentləri arasında təkbətək görüş olub - ƏLAVƏ OLUNUB Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi keçirilib
Xarici siyasət
28 Noyabr , 2016 17:26
Azərbaycan və Belarus prezidentləri arasında təkbətək görüş olub - ƏLAVƏ OLUNUB

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasına rəsmi səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Belarus Respublikasının Prezidentinə raport verib.

Belarus Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Belarus Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Lukaşenkoya, Belarus Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.

***'ƏLAVƏ OLUNUB

Dövlət başçıları görüşdə çıxış ediblər.

Prezident İlham Əliyev belaruslu həmkarı ilə görüşlərinin müntəzəm xarakter daşıdığını və bunun iki ölkə arasında münasibətlərin son dərəcə yaxınlıq və dostluq xarakteri daşımasında irəli gəldiyini bildirib:

"Biz Minskdə, Bakıda, başqa yerlərdə beynəlxalq tədbirlər çərçivəsində müntəzəm görüşürük. Həmişə Sizinlə fikir mübadilələri faydalı və xoş olur. Biz Sizinlə son illər ərzində ikitərəfli formatda xeyli məsələləri həll etmişik. Çox yaxşı nəticələr var. Hər dəfə yenidən görüşəndə biz görülən işlərə yekun vuraraq belə qənaətə gəlirik ki, hətta qısa müddətdə ortada nəticə var. Biz Belarus ilə bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirmək niyyətindəyik. Bu gün ikitərəfli format demək olar ki, həyatımızın bütün sahələrini əhatə edir. Ənənəvi sahələrdə əməkdaşlıq prosesləri getdikcə genişlənir. Biz həm də əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdiririk. Biz dostuq, tərəfdaşıq. Bütün məsələlərdə həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyirik. Sizi, Azərbaycanın yaxın dostunu, Azərbaycanda çox sevilən və hörmət bəslənilən bir insanı yenidən Bakıda görmək mənə çox xoşdur. Əminəm ki, Sizin bugünkü səfəriniz əməkdaşlığımıza yeni təkan verəcək. Münasibətlərimizin perspektiv inkişaf istiqamətlərini müəyyən edəcək xeyli sənədlər imzalanacaq. Əlbəttə ki, biz Sizinlə ikitərəfli, regional, hazırda bütün dünya ictimaiyyətini narahat edən məsələlər barədə də söhbət edəcəyik. Biz dost və tərəfdaşıq. Bir daha səmimi qəlbdən “Xoş gəlmisiniz” deyirəm. Dəvəti qəbul edib gəldiyinizə görə təşəkkür edirəm. Sizə uğurlu və xoş səfər arzulayıram".

Belarus prezidenti Aleksandr Lukaşenko xoş sözlərə görə minnətdarlığını bildirərək, dəvətə görə təşəkkür edib:

"Təbii, bilirsiniz ki, bizim müzakirə ediləsi və Sizin düzgün qeyd etdiyiniz kimi, gələcək fəaliyyət yollarını müəyyənləşdirəsi problemlərimiz var. Düzünü desəm, hər dəfə Bakıya gələndə mən bu inkişafı görərkən bütün bu əsas məsələlər ikinci plana keçir. Mən görürəm ki, Siz ilk növbədə bu gözəl şəhərdə qədim məbədləri, qədim mədəniyyət abidələrini qoruyub saxlaya bilmisiniz. Əksər regionlarda həyat bunlardan başlanıb. Mən Sizin düşünülmüş, rasional tikililəri görəndə fikrim o qədər yayınır ki, həll edəcəyimiz əsas məsələləri unuduram. Bu, həqiqətən belədir. Fikrimcə, bu ovqat təkcə məndə yox, bütün qonaqlarda yaranır. Mən bunları görəndə nələrisə öyrənir və düşünürəm ki, gördüklərimi Belarus torpağında da tətbiq etmək olar. Buna görə də Sizə minnətdaram. İkincisi, İlham Heydər oğlu, Sizi Azərbaycan xalqının yüksək etimadı münasibətilə təbrik etmək istəyirəm. Mən bilirdim ki, Azərbaycanda Sizi sevirlər. Amma belə bir sevgiyə, düzünü desəm, yalnız həsəd aparmaq olar. Afərin Sizə, plebessiti çox gözəl keçirdiniz, Azərbaycan xalqının etimadını qazandınız. Əldə olunan uğurları davam etdirdiyinizə, xalq təsərrüfatının inkişafında bu cür nailiyyətlərə görə Azərbaycan xalqı təşəkkürə layiqdir.

Təbii ki, Siz bizə ən yaxın dostlarınız kimi bel bağlaya bilərsiniz. Əgər Sizə Azərbaycanda nədəsə faydalı ola biləriksə, buna həmişə hazırıq. Siz bizim imkanlarımızı yaxşı bilirsiniz. Siz Belarusun böyük dostusunuz. Siz dəfələrlə bizdə olmusunuz. Sizdən əvvəl atanız da çox böyük işlər görüb. Onun haqqında, münasibətlərimiz barədə çox danışmışam. Bizim xalqımız o müdrik və xeyirxah insanı çox yaxşı xatırlayır. Atanızla birlikdə ölkələrimizin münasibətləri üçün gördüyünüz işlər həmişəlik yadda qalacaq. Bizim qapalı mövzularımız yoxdur. Siz düzgün qeyd etdiniz ki, biz bütün istiqamətlərdə əməkdaşlıq edirik. Biz bütün istiqamətlərdə əməkdaşlığı davam etdirəcəyik. Bizim əməkdaşlığımız heç kəsə zərər vurmur. Belə demək mümkündürsə, biz gerçəkliyin ən aktual məsələlərinin müzakirəsində açıq fəaliyyət göstəririk və bundan sonra da belə olacaq.

Məni ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Aramızda yaranan qaydaya görə, mən də Sizi istənilən vaxt Belarusda gözləyirəm. Bizim yaxşı təcrübəmiz var. Düşünürəm ki, Sizin üçün münasib vaxtda təkcə qonaq kimi deyil, ölkəmiz üçün ən yaxın, ən doğma insan kimi bizə təşrif gətirəcəksiniz".

Son xəbərlər

Orphus sistemi